Ev Turizm Xəbərləri Azərbaycan fermerlərinin məhsulları 24-cü “Global Village” Yarmarkasında nümayiş etdirilir

Azərbaycan fermerlərinin məhsulları 24-cü “Global Village” Yarmarkasında nümayiş etdirilir

Global Village

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 24-cü “Global Village” Beynəlxalq Yarmarkası keçirilir. Azərbaycan bu il ilk dəfə olaraq 24-cü “Global Village” Beynəlxalq Yarmarkasında iştirak edir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.

Global Village

Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində nümayəndə heyəti rəsmi işgüzar görüşlər keçirib. İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Dubay Ticarət və Sənaye Palatasında baş tutan görüşdə Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan, Palatanın digər rəhbər şəxsləri və BƏƏ-ni təmsil edən iş adamları iştirak ediblər.

Görüşdə hər iki ölkədə əmtəə ticarəti zamanı tələb olunan mövcud prosedurlar, Azərbaycanın ixrac və turizm potensialı, investisiya imkanları barədə təqdimat olunub. Gələcəkdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Birləşmiş Ərəb Əmirliklərində satışının təşkili mövzusunda geniş müzakirələr aparılıb.

Global Village

Həmçinin səfər çərçivəsində ATT nümayəndə heyəti və müxtəlif ölkələrin Dubay və Əbu-Dabi şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları, rəsmi şəxsləri arasında görüş keçirilib. Bu görüşlərin əsas məqsədi Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının və “Made in Azerbaijan” brendinin tanıtımını həyata keçirməkdir. Yerli istehsalçılar üçün alternativ satış kanalları tapmaq və yeni işgüzar əlaqələr yaratmaqdır.

Qeyd edək ki, 78 ölkənin məhsullarının sərgiləndiyi builki “Global Village” Beynəlxalq Yarmarkasında 26 pavilyon fəaliyyət göstərir. Müxtəlif ölkələri təmsil edən “Global Village” pavilyonları konkret ölkənin mədəni xüsusiyyətlərini və milli rəngarəngliyini əks etdirən bənzərsiz üslubda quraşdırılır. Pavilyonlarda satılan malların çeşidi çox genişdir. Burada qida məhsulları ilə yanaşı, kosmetika, suvenirlər, geyimlər, dəri və ağac məhsulları, ədviyyatlar və digər məhsullar tapmaq olar.

Azərbaycan pavilyonunda sərgilənən qida məhsulları arasında kiçik və orta fermer təsərrüfatlarının brendi olan, “Kənddən şəhərə” adı altında qablaşdırılan Zaqatala çayı, “Haşimi” düyüsü, noxud, bal, düyü unu və s. məhsullar da var. Həmçinin Azərbaycana məxsus pavilyonda 25 şirkətin 200-ə yaxın çeşiddə məhsulları təqdim edilir. “Global Village” ərazisində və Azərbaycan pavilyonunda milli musiqimiz və mətbəximiz, “Azərbaycan irsi” guşəsində isə milli mədəniyyətimizə dair eksponatlar nümayiş etdirilir.

Qeyd edək ki, “Global Village” BƏƏ-də hər il 1,6 milyon kvadratmetr ərazidə yerləşən “Dubailand” əyləncə parkında təşkil olunan beynəlxalq və çox genişmiqyaslı yarmarkadır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir. 1996-cı ildən keçirilən yarmarkanı ötən il 7 milyon insan ziyarət edib.

Ümumilikdə, builki yarmarkada 3500 ticarət nöqtəsi və 60-dan çox attraksion və oyun olacaq. Mövsüm ərzində 40 mindən çox şounun keçirilməsi nəzərdə tutulur.

Yarmarka 2020-ci il aprelin 4-dək davam edəcək.