PAYLAŞ
Global Healthcare Travel Council

İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda Kral II Abdullah İbn Əl-Hüseynin himayəsi ilə Beynəlxalq Sağlıq Turizmi Forumu (“İnternational Healthcare Travel Forum”) işə başlayıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, forumda 50-yə yaxın ölkədən 700-dən artıq nümayəndə iştirak edib. Ölkəmizi bu nüfuzlu tədbirdə Qlobal Sağlamlıq Turizmi Şurası (QSTŞ) İdarə Heyətinin üzvü olan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev təmsil edib. Zirvə toplantısının açılış mərasimindən sonra forum iki gün ərzində stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib.

Global Healthcare Travel Council” stendində təmsil olunan AHTTSA təmsilçisi tərəfindən sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verilib. Qonaqlara ölkəmizin məşhur sağlamlıq mərkəzlərini əks etdirən çap və elektron reklam-təbliğat materialları paylanıb. İki gün davam edən Forumda ümumilikdə 7 panel iclası təşkil olunub. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, bu turizm növünün istiqamətləri, leqallaşma, tənzimləmə və akkreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi, dental turizm, spa və velnes, kulinariya, idman, 3-cü yaş qrupu turizmlərinin xüsusi maraq kəsb etdiyi vurğulanıb. Yeni tendensiyaların şaxəli inkişafı hədəf kimi qəbul edilib.

Məlumat üçün bildirək ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib. Indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayılan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Çin Xalq Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizi Qlobal Sağlamlıq Turizm Şurasında təmsil edir. 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib. Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib. 2019-cu ilin aprel ayında təşkilatın Bakı şəhərində keçirilən növbəti forumda rotasiya üzrə sədrlik Ukrayna Respublikasına keçib.