Ev Turizm Xəbərləri Azərbaycan Cənubi Koreya axtarış saytlarında ilk pillələrdə yer alıb

Azərbaycan Cənubi Koreya axtarış saytlarında ilk pillələrdə yer alıb

Cənubi Koreya

Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın ən böyük axtarış platformaları olan “Naver” və “Daum”da ən çox axtarılan sözlər siyahısında ilk pillələrdə yer alıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, cənubi koreyalılar tərəfindən Azərbaycana marağın artmasına ölkənin nüfuzlu “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və populyar “Battle Trip” səyahət verilişinin Bakıda çəkilən proqramı səbəb olub.

Veriliş efirə getdikdən və “Youtube” kanalında yayımlandıqdan sonra Azərbaycan haqda onlayn axtarışların sayı çoxalıb.

Belə ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Battle Trip” səyahət verilişi oktyabr ayında Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıb.

Azərbaycan mətbəxi ilə də yaxından tanış olan qonaqlar Bakıdakı yerli və xarici restoranlarda da çəkilişlər aparıblar. Milli mətbəx nümunələri ilə tanış olublar.

Qeyd edək ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri “Battle Trip” əyləncəli səyahət şousu efir’ gedir. Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir.

Cənubi Koreya Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir.

Burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq həyata keçirilir.

2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8830 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 20.3 faiz artım deməkdir.