turizm

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Bakıda səfərdə olan Rusiya Federasiyası Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə R.Bayramov iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Rusiyada gerçəkləşən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir. Son illər bu sahədə əməkdaşlığa töhfə verən bir sıra tədbirlər keçirilib.

Respublikamızın Rusiya Federasiyasının regionları ilə münasibətlərinin mədəni əməkdaşlıqda da əhəmiyyət kəsb etdiyini deyən Rafiq Bayramov deyib: “Biz bu istiqamətdə regional təşkilat və müəssisələrlə daha sıx əlaqələrin qurulmasında və təcrübə mübadiləsində maraqlıyıq. Bu gün dünyada idarəetmə üzrə müasir metodlar tətbiq edilir. Mədəniyyət sahəsində müasir idarəetmə və metodologiyalara keçid dövründə bu xüsusda təcrübə mübadiləsi vacibdir. Bu sahədə layihələri inkişaf etdirib təcrübələrimizi bölüşməliyik”.

Söhbət zamanı həmçinin teatr sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərindən bəhs edilib. Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva vurğulayıb ki, Azərbaycanla müxtəlif sahələrdə bir neçə layihənin gerçəkləşməsinə nail olmaq arzusundadırlar: “Bu layihələrdən biri Həştərxanda keçirilən teatr festivalıdır və həmin festivalda Azərbaycanın iştirakından məmnun olardıq”.

Daha sonra görüşdə mədəniyyət sahəsində qarşılıqlı təcrübə mübadiləsi, o cümlədən tələbə mübadiləsi kimi mövzular müzakirə edilib.

Rafiq Bayramov Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları, habelə xalq yaradıcılığı ənənələrinin yaşadılması və təbliğinə xidmət edən layihələr haqqında məlumat verib. Bildirib ki, müştərək layihələrin dəstəklənməsi və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət xalqlarımızın bir-birinin mədəni irsini daha yaxından tanımasına öz töhfəsini verəcək.

Görüş qarşılıqlı əməkdaşlığın perspektivləri mövzusunda müzakirələrlə davam edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin