Ev Aviabiletlər AZƏRBAYCAN VƏ POLŞA ARASINDA BİRBAŞA UÇUŞLAR TƏŞKİL OLUNA BİLƏR

AZƏRBAYCAN VƏ POLŞA ARASINDA BİRBAŞA UÇUŞLAR TƏŞKİL OLUNA BİLƏR

Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər.

Buta airways tərəfindən Bakı – Varşava reysi açılacaq

Gezmeli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu, polşalı turistlərin Azərbaycana böyük maraq göstərməsi ilə əlaqədardır: “Biz Avropa ölkələrindən, xüsusilə də Polşadan olan turistlərin Azərbaycana artan böyük marağını hiss edirik. Ölkələrimiz arasında hətta birbaşa aviareyslər də açılması ehtimalı var. Hazırda bu istiqamətdə danışıqlar gedir. Ola bilər ki, artıq yay mövsümündə Bakı ilə Polşanın şəhərləri arasında birbaşa aviareyslər fəaliyyətə başlasın”.

Nahid Bağırov
Nahid Bağırov

Azərbaycana turist axınının artmasından danışan N.Bağırov qeyd edib ki, gözlənildiyi kimi 2017-ci il ölkəyə turistlərin cəlb olunması baxımından əhəmiyyətli oldu: “Ölkəmiz təkcə MDB və ərəb ölkələrindən olan turistlər arasında yox, həm də avropalı turistlər arasında populyarlıq qazanmağa başlayır. Fikrimcə, gələn il də Azərbaycana turist axını artmaqda davam edəcək. Bundan başqa, 2018-ci ildən başlayaraq biz Avropadan da turist axınının artmasını gözləyirik”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2017-ci ilin 11 ayı ərzində ölkəyə 2 477 908 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 413 684 nəfər və ya 20 faiz çoxdur.