Ev Turizm Xəbərləri Azərbaycana gələn 2,4 milyon turistin cəmi 330 mini türk dövlətlərindən – türk...

Azərbaycana gələn 2,4 milyon turistin cəmi 330 mini türk dövlətlərindən – türk dövlətlərinin xüsusi çəkisini necə artırmaq olar…

turizm

Turizm dünya iqtisadiyyatında ən gəlirli sahələrdən biri sayılır. Neft, tibb, maşınqayırma sahəsindən sonra dördüncü ən gəlirli sahələrdən biridir. Buna görə də Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bu sahəni inkişaf etdirməyi qarşısına məqsəd qoyub.

Azərbaycanın son illər sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi xarici ölkə vətəndaşlarında ölkəmizə marağın artmasına səbəb olub. Burada son illər Azərbaycanda intensiv şəkildə keçirilən beynəlxalq forum və tədbirlərin, eləcə də böyük idman yarışlarının da rolunu xüsusi vurğulamaq lazımdır.

Azərbaycanda turizm sektorunun inkişafı keyfiyyət və kəmiyyət baxımından yeni mərhələyə qədəm qoyur. Burada yeni infrastrukturun yaradılması, xidmət səviyyəsinin yüksəldilməsi turistlərin ölkəmizə maraq göstərməsinə səbəb olur. Danılmaz faktdır ki, son illər ölkəmizə gələn turistlərin sayı sürətlə artır. Bunu statistik rəqəmlər də təsdiq edir.

Qeyd etdiyimiz kimi, Azərbaycana dünyanın dörd bir yanından turist gəlir. Turistlər arasında türkdilli ölkələrin vətəndaşları üstünlük təşkil edirlər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə çıxışı zamanı deyib. O qeyd edib ki, ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq: “2019-cu ilin doqquz ayında Azərbaycana, ümumilikdə, 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi“.

Maraqlıdır, türkdilli ölkələrdən gələn turistlərin sayını necə artırmaq olar?

“Türkdilli ölkələrdən ölkəmizə daha çox turist gəlməsi üçün viza məsələsi…”

İqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda turizmin inkişaf etdirilməsində əsas məqsəd dünyanın inkişaf etmiş ölkələrindən, eyni zamanda, MDB ölkələrindən vətəndaşların istirahət üçün ölkəmizi seçməsinə nail olmaqdır. Bununla yanaşı, türkdilli ölkələrin vətəndaşlarının ölkəmizə maraq göstərməsi əhəmiyyətlidir. Türkdilli ölkələr arasında Türkiyə vətəndaşlarının turist kimi ölkəmizə səyahət etməsinin üstünlük təşkil etməsi məqsədəuyğun olar: “Nəzərə almaq lazımdır ki, Türkiyənin özü tanınmış turizm ölkəsidir. MDB ölkələrinin vətəndaşlarının əksər hissəsi Türkiyəyə üz tutur. Artıq Azərbaycan turizmi inkişaf etmiş ölkələrin turizm səviyyəsinə çatır. Məlumdur ki, son illər Azərbaycanda infrastrukturun müsbət mənada dəyişməsi turizmin inkişaf etməsinə səbəb olub. Ölkəmizdə olan istirahət mərkəzlərinin müasir standartlara cavab verməsi xarici turistlərin diqqətini cəlb edir”.

İqtisadçı onu da vurğuladı ki, türkdilli ölkələrdən ölkəmizə daha çox turist gəlməsi üçün viza məsələsi asanlaşdırılmalı, turizm şirkətləri tərəfindən əlverişli güzəştlər tətbiq edilməlidir.