Ev Turizm Xəbərləri Azərbaycanda turizm sənayesində mövsümi vergilərin tətbiqi təklif edilir

Azərbaycanda turizm sənayesində mövsümi vergilərin tətbiqi təklif edilir

Vergi

Dövlət Turizm Agentliyi turizm sənayesinin formalaşdırılması, onlara dəstəyin göstərilməsi ilə bağlı Vergilər Nazirliyinə təklif paketi təqdim edib.

Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

O bildirib ki, təkliflərdə vergilərdən azad olunma, bəzi hallarda subsidiyalara cəlb olunma, turizm şirkətləri, hotellərə bağlı məsələlər əksini tapıb:

“Bunlar müzakirə mərhələsindədir. Hər bir sahə daha çox güzəşt əldə etmək istəyir. Ancaq dövlətin müəyyən siyasəti var və buna uyğun işlər görülür. Bu gün Agentlik və Vergilər Nazirliyinin mütəxəssisləri bu məsələlərin üzərində həssaslıqla işləyirlər. Burada müəyyən sahələrin ƏDV-dən azad olunması, bəzi məsələlərdə güzəştlərin, mövsümi vergilərin tətbiq edilməsi kimi məsələlər əksini tapıb. Hazırda Vergilər Nazirliyi ilə danışıqlar aparılır və bu ilin sonuna qədər məsələlər həllini tapacaq”.