Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün genişmiqyaslı tədbirlər görülür

Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün genişmiqyaslı tədbirlər görülür

Bakı kart

Aprelin 5-də Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçiriləcək.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti ilə tanış etməkdir. Həmçinin qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat verməkdir.

Tədbirin ikinci hissəsi isə ikitərəfli görüşlər formatında müzakirələr çərçivəsində davam etdiriləcək.

2018-ci ilin dekabrından Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaqdır. Hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Bakı kart

Tədbir çərçivəsində Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan “Bakı Kart”ın (“BakuCard”) da təqdimatı keçiriləcək.

“BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin kartı əldə etməklə turistlər Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş əldə etmək olar. 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.

Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq 1 həftəlikdir. 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24 AZN, 45 AZN70 AZN təşkil edir.

Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

Turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan “BakuCard” kartları geniş funksional imkanları ilə tanınır. Bu kart Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.