Ev Ölkələr Fransa Azad sevgi, azad qadın və azad insanların şəhəri

Azad sevgi, azad qadın və azad insanların şəhəri

Azad sevgi… Azad qadın

Beş il bundan əvvəl başlamış sevgi hekayəsi məni bu şəhərə gətirdi, özümü burda ikinci dəfə doğulmuş kimi hiss elədim.

Ayağımı Fransaya qoyan ilk gündən Parisdə yaşayıram və bu şəhəri az qala beş barmağım kimi tanıyıram. Hər dəfə dost-tanışdan kimsə bura gələndə böyük zövqlə şəhəri tanış edirəm.

Paris mənim gözümdə dünyanın ən gözəl, ən əvəzedilməz şəhəridir. Şəhərə bir az mənim gözümlə baxaq:

Paris

• Paris Bakıdan kiçikdir. 2-3 saata şəhərin şimalından cənubuna çata bilərsən: Porte de la Chapelle adlı məhəllədən düz Cité Universitaire adlı məhəlləyə qədər tarixi küçələri gəzmək olar.

• Parisin hər bir daşı, küçəsi tarixdir, oxumaqla, eşitməklə deyil, bu canlı tarixi gərək öz gözlərinlə görə, hiss edəsən. Bununçün yerli və ünsiyyətcil fransızlarla 15 dəqiqə söhbət kifayətdir.

• Parisə sevgi şəhəri deyirlər və bu, reallıqda da belədir. Təkcə öz sevgimi bu şəhərdə yaşadığım üçün demirəm. Bu qədər baş vermiş kədərli hadisələr Parisi sındıra bilmədi. Parisi yaşadan şəhərdə yaşanmış sevgilər oldu.

Paris

• Parislilər haqqında adətən deyirlər ki, onlar çox yekəxana, özündən razı, eqoist, soyuqqanlı insanlardır. İstəyirəm biləsiz ki, siz əsl Parisli ilə üz-üzə gəlməmisiniz. Əsl Parisli bu şəhəri sevən və bu şəhərə gələn hər bir qonağa qucaq açan fransızdır. Gündəlik həyatdaəsl Parisliylə qarşılaşmaq çox müşkül məsələdir. Onlar əsasən məşğul insanlardır və əksəriyyəti şəhərətrafı pavilyonlarda yaşayır. Fransa əyalətlərindən olan sakinlərin müəyyən qismi daha qapalı, digər mədəniyyətlərə qarşı daha konservativ və qeyri-tolerantdır

Paris

• Paris azadlığın, bərabərliyin və qardaşlığın şəhəridir. Paris azad sevginin, azad qadının, azad insanın şəhəridir. Paris Marian adlanan, ilk görünüşdə incə və zərif görünən, amma milyonlarla fransızı Bastiliya inqilabına aparan güclü, iradəli və inadkar bir fransız qadınıdır.

• Koko Şaneli, Dalidanı, Edit Piafı, Şarl Aznavuru, Mirey Matyönü parlayan ulduz edən, Odre Tatunu Amelie kimi sevdirən məhz Paris adlanan mədəniyyət və incəsənətin şəhəri olub.