PAYLAŞ
seminar

Aprelin 2-də Bakıda ənənəvi elit turizm seminarı (Baku Travel Bazaar Spring Edition) keçirilib. Bu, Azərbaycanda ən genişmiqyaslı oxşar tədbir olub. Tədbirin təşkilatçıları – “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) bütün dünyadan 90 təşkilatın nümayəndələrini bir araya toplayıblar. İştirakçılar arasında beşulduzlu otellər və kurort şəbəkələri, elit nəqliyyat və kruiz şirkətləri, turistlərin qəbulu üzrə operatorlar və villaların, şəxsi təyyarə və yaxtaların icarəsi və çarteri ilə məşğul olan şirkətlər vardı. Əcnəbi tərəfdaşlarla görüşə Azərbaycanın təqribən 270 turizm şirkətinin, habelə Gürcüstandan 30-a yaxın şirkətin nümayəndələri də gəlmişdi.

İrina Vedeneyeva

Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyeva deyib: “Bu il biz sağlamlıq turizminə, Avropaya və başqa istiqamətlərə səfərlərə həsr edilmiş bir neçə tematik seminarı birləşdirməyi qərara aldıq. Azərbaycandan səyyar turizm bazarının fəal genişlənməsi bizə bu cür imkan verir. “Baku Travel Bazaar” elit turizmi sənayesində yeni formatlı hadisədir. Məqsəd ziyarətçilərin həm potensial tərəfdaşlarla tanış olmasına, həm də hər bir konkret sahəni hərtərəfli öyrənmək, bu sahədə mövcud meyillər və yeniliklərlə tanış olmaq, peşəkarlıq səviyyəsini artırmaqdır”.

Hotel Barrière Le Majestic

Tədbirin coğrafiyası çox geniş olub. Burada Avropa, Asiya və Amerika ölkələrinin, müxtəlif adalarının nümayəndələri turizmin ən müxtəlif istiqamətlərini təmsil edirdi. Maraqlı yeniliklər sırasında Kannda Kruzaet sahilində yerləşən “Hotel Barrière Le Majestic” otelini xüsusi qeyd etməyə dəyər. Aralıq dənizi sahilində yerləşən bu otelin son dərəcə maraqlı mənzərələrindən əlavə o, qonaqlara bir neçə maraqlı xidmət, o cümlədən aeroportda qarşılanmadan başlamış ekskursiyalar və spa-prosedurlar da daxil olmaqla qonaqpərvərlik paketi təklif olunur.

Barrière Group”un satış üzrə direktoru Sezar Həbib deyir: “2019-cu il aprelin 13-dən etibarən bizim oteldə 6-12 yaşlı uşaqlar üçün unikal rəqəmsal oyun təklif olunacaq. Balaca müsafirlərin sərəncamına veriləcək planşetə yüklənmiş mobil əlavə oteldə gizlədilmiş xəzinələri axtarmaq barədə tapşırıqlar verəcək. Bu uşaqları qeyri-adi macəralar aləminə aparacaq”.

Bizim turistlərin çox xoşladığı Antaliya “hər şey daxil” konsepsiyası üzrə fəaliyyət göstərən çoxsaylı otellərlə təmsil olunub. Məsələn, Belek şəhərindəki “Susesi Luxury Resort” oteli bu qəbildəndir. Belə kurortların əsas xüsusiyyəti ondan ibarətdir ki, orada yaşama dəyərinə gün ərzində müxtəlif çeşidli qidalar da daxildir. Bu məqsədlə “Susesi Luxury Resort” otelində biri məhz uşaqlar üçün olmaqla səkkiz restoran, bir qənnadı mağazası fəaliyyət göstərir. Mehmanxanada qalan qonaqlara özəl çimərlik, hovuzlar, idman meydançaları, fitnes mərkəzi, akvapark və gündəlik animasiya proqramları da təklif olunur.

Yelena Ovsyannikova

Türkiyə azərbaycanlı turistlərə yaxşı tanışdır, Maldiv adaları isə çoxları üçün hələ müəmma kimi qalır. Halbuki, Hind okeanında yerləşən bu dövlət unudulmaz istirahət üçün hədsiz imkanlar verir. “Vakkaru Maldives” otelinin Rusiyada və MDB-də nümayəndəsi Yelena Ovsyannikova bu barədə məlumat verərək deyib: “Maldiv Respublikasının xüsusiyyəti ondan ibarətdir ki, bu ada-dövlətdə atollar şəklində birləşmiş adaların sayı o qədər çoxdur ki, hər bir otel ayrıca adada yerləşir. Turistlər bir adadan digərinə katerlər, bərələr və ya hidroplanlar vasitəsilə gedə bilərlər. Mərcan riflərində dayvinq, snorklinq, dənizdə gəzintilər, etnik turizm Maldivdə əsas əyləncə növləridir. İslam dövləti olan Maldivdəki bütün adalarda məscidlər fəaliyyət göstərir. Özünün xüsusi Mərcan adasında yerləşən bizim oteldən bir adaya ekskursiyalar təşkil edilir. Turistlər həmin adada yerli əhalinin əl işlərini ala bilərlər. Maldiv Respublikasının paytaxtı Male şəhərinə Azərbaycandan bir neçə tranzit reys var. Bu reyslər müxtəlif aviaşirkətlər tərəfindən yerinə yetirilir”.

Seminarda Avropa istiqamətlərindən Yunanıstan daha fəal təmsil olunub. Məsələn, Krit adasındakı özəl yarımadada fəaliyyət göstərən Nəbatat bağında yerləşən və Egey dənizinə çox gözəl mənzərələr açılan “Out of the Blue Capsis Elite Resort” kurortu azərbaycanlı turistlərə öz xidmətlərini təqdim edib. Otelin Rusiyada və MDB ölkələrində nümayəndəsi Marika Kasiteridi deyib: “Kurort çimərlik istirahəti üçün çox münasib ərazidə yerləşir. Bu otel ailəvi istirahət, sağlamlıq və spa-proqramları, idman və uşaq əyləncələri həvəskarlarının ürəyincə olacaq”.

İrina Petrenko

İtaliya Milli Turizm Agentliyinin nümayəndəliyi ENİT də azərbaycanlı həmkarlarla görüşə turizm sahəsinə yeniliklərlə gəlib. ENİT nümayəndəliyinin ofisinin rəhbəri İrina Petrenko deyir: “İtaliya UNESCO-nun dünya irsi obyektlərinin sayına görə liderdir. Ölkədə 53 belə obyekt var. Roma, Florensiya, Venesiya və digər məşhur turizm şəhərləri ilə yanaşı, İtaliyada çoxlu sayda başqa maraqlı istiqamətlər də var. Ölkəmiz kombinə edilmiş turların təşkili üçün geniş imkanlar verir, çünki burada dəniz, dağlar, muzeylər, termal sulu bulaqlar, zəngin milli mətbəx və s. cəlbedici şərait var. Bu il İtaliyanın Matera şəhəri Avropanın mədəni paytaxtı elan edilib. Bu şəhərin Sassi adlanan tarixi məhəlləsi xüsusilə məşhurdur. Orada mağara-evlər yerləşir. Şəhərin qayada çapılmış bütün qədim hissəsi UNESCO-nun dünya irsi obyekti hesab edilir.

İtaliyada çoxlu termal kurortlar var. Venesiya bölgəsində yerləşən Abano-Terme balneologiya kurortu, Toskanın lap mərkəzində, Qrosseto əyalətində yerləşən Terme di Saturniya kurortu, Toska regionundakı Pistoya əyalətində spa-kurort, Kampaniya bölgəsindəki İskya adasında yerləşən dəniz və balneologiya kurortu – bu obyektlərin hər birinin özünəməxsus cəhətləri olduğu üçün arzu edən hər kəs öz zövqünə uyğun seçim edə bilər”.

Baku Travel Bazaar Spring Edition

Baku Travel Bazaar Spring Edition” vörkşopunda bir sıra başqa təşkilatlar da öz təkliflərini irəli sürüblər. Azərbaycan turizm agentliklərinin nümayəndələri yüksək fəallıq göstərərək əcnəbi həmkarları ilə məmnuniyyətlə ünsiyyət qurublar.

Dünya turizm biznesinin aparıcı iştirakçılarının Azərbaycana marağı onu göstərir ki, ölkəmizdə səyyar turizm bazarı yüksəliş mərhələsindədir və turizm şirkətlərinin nümayəndələri turistlərin artan tələbatının daha yaxşı təmin olunması məsələsini həll etməlidirlər.