bakıda yeni il
Paytaxt əhli “Soyuq əllər isti ürəklərdə” yenə bir araya gəldi.
Avropaya bir neçə dəfə yolu düşənlər yaxşı bilir. Avropanın əksər paytaxtlarında Milad bayramında, yeni il günlərində mərkəzi hissə bu cür bəzədilir. Çal-çağır, canlı musiqi, isti qəlyanaltılar… Bunlar yarmarkaların “olmazsa olmaz”ıdır.
Bakının mərkəzində, Fəvvarələr meydanında qurulan 46 kiçik “ev” isə bizim yarmarkanın atributlarından biridir. Köşklərdə şəhər sakinlərinə və xarici qonaqlara suvenirlər, şirniyyat, ətriyyat, oyuncaqlar, yolka bəzəkləri təklif olunur.
Taxta “ev”lərin satıcıları isə piştaxtanın arxasından müştəriləri səsləməklə yanaşı, önə çıxaraq onlara öz məhsullarına baxmağa və almağa çağırırdılar.
Yarmarkada rəqs şoular keçirilir.
Tədbirin ən maraqlı hissəsi isə təbii ki, səhnədə baş verənlərdir.Diskoteka əhvalı hər gün yarmarkalarda davam edir. Və bu zaman gəncləri dayandırmaq qeyri-mümkündür. İkibir-üçbir gənclər ilginc rəqs hərəkətləri edərək, publikanın diqqətini çəkməyə çalışır və deyəsən, buna da nail olurlar.
Yarmarka keçirilən günlərdə satışa müxtəlif şirkətlərin məhsulları ilə yanaşı, ötən il ¬olduğu kimi, internat məktəblərinin yetirmələrinin hazırladığı məmulatlar da çıxarılıR. Burada toplanan vəsait xeyriyyə işlərinə sərf edilir. Müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərilir.