Ev Turizm Xəbərləri Bakının Baş Planı ilk dəfə bazar iqtisadiyyatının tələblərinə cavab verəcək

Bakının Baş Planı ilk dəfə bazar iqtisadiyyatının tələblərinə cavab verəcək

Bakı

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyə qədər Azərbaycanın 51 şəhərinin Baş Planını hazırlayıb. Bunlardan da 42-si artıq təsdiqlənib. 9-nun isə yaxın illərdə təsdiqlənməsi gözlənilir”.

“Report” xəbər verir ki, bunu Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.

“Bakının hərtərəfli inkişafını təmin etmək məqsədi ilə ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq, hazırda komitə paytaxtın gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək Baş Planını hazırlayır. Sözü gedən sənəd bazar iqtisadiyyatının tələblərinə cavab verəcək ilk Baş Plan olacaq.

Baş Plan müvafiq şəhrsalma sənədləri və mövcud vəziyyət çərçivəsində, nüfuzlu şirkətlərin iştirakı ilə hazırlanır. Bakının inkişaf konsepsiyası əsasən 4 prioritet istiqamətdə ərsəyə gətiriləcək: “Birinci prioritet davamlı inkişafın təmin olunması məqsədilə ənənəvi mərkəzlərlə yanaşı, alternativ mərkəzlərin formalaşdırılması, ikinci prioritet ətraf mühitin şəhər əhalisi üçün əlverişli olması, ekoloji təmizlik, üçüncü prioritet milli və mədəni irsin, şəhərin memarlıq nümunələrinin qorunması və mədəni həyatının zənginləşdirilməsi, dördüncü prioritet isə şəhərin iqtisadiyyatının, o cümlədən turizmin inkişafını təmin etməkdir”, – o deyib.