Ev Turizm Xəbərləri Bakının dəstəyi ilə Batumi regionun Hub-ı olmaq istəyir – ARAŞDIRMA

Bakının dəstəyi ilə Batumi regionun Hub-ı olmaq istəyir – ARAŞDIRMA

Batumi

Son illər həyata keçirilən infrastruktur layihələri Gürcüstanın 3-cü böyük şəhəri olan Batumi Cənubi Qafqaz regionunda hub olmaqda iddialı olduğunu bir daha göstərir. Qara dənizin sahilində yerləşən şəhər son illər turizm imkanları ilə yanaşı azad ticarət, investisiya və nəqliyyat imkanlarını da təqdim etməkdə davam edir. Acariya Avtonom Respublikasının rəhbəri Tornike Rijhvadze də öz açıqlamasında rəhbərlik etdiyi regionun nəqliyyat hub-ına çevrilməkdə maraqlı olduğunu qeyd edib.

Batumini loqistika və nəqliyyat dəhlizinə çevirəcək layihələrdən biri də Batumi dəniz limanında mineral gübrələrin saxlanması və tranziti üçün nəzərdə tutulmuş terminalın tikilməsi ilə bağlı layihədir. Bu terminal 2019-cu ilin yanvarında ABŞ-ın “Trammo” şirkəti ilə Böyük Britaniyanın “Wondernet Express LLP” şirkəti arasında əldə edilən anlaşma əsasında tikiləcək. Dünyanın ən böyük nəşrlərindən olan “Forbes” bunu “ambisiyalı tikinti layihəsi” kimi qələmə verib.

Bu işdə Batuminin əsas dəstəkçisi Bakı olacaq

Əvvəlcə deyək ki, “Trammo, Inc.” şirkəti ABŞ-ın ən qocaman şirkətlərindən biridir və 1965-ci ildə yaradılan hazırda 450 əməkdaşı var. “Forbes”in 2011-ci ildə hazırladığı “ABŞ-ın 500 özəl şirkəti” siyahısında 34-cü yerdə qərarlaşıb.

Forbes” hesab edir ki, bu əməkdaşlıq sazişi Gürcüstan üçün əhəmiyyətlidir və Avropadan olan investorların regiona fokuslanması üçün əsas imkan yaradır. Bu Batumi limanının dövriyyə imkanlarını artırmaqla yanaşı Mərkəzi Asiya ilə Xəzər dənizi vasitəsi ilə mineral gübrə ticarətinin artmasına imkan verəcək. Bəzi Qərb ekspertləri hesab edir ki, Avropa ilə Asiyanı birləşdirəcək bu ticarət yolu “Yeni İpək Yolu”dur. Təbii ki, burada əsas rolu Bakı oynayacaq. Belə ki, Azərbaycanda Batumi limanına qədər olan hissənin daşınması işləri dəmiryolu vasitəsi ilə həyata keçiriləcək. Bu isə bir müddət öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin əhəmiyyətini artırır. Həmçinin Asiyadan gələcək və yaxud Asiya gedəcək yüklərin qəbul edilib yola salınmasında Bakı Dəniz Limanı da əhəmiyyətli rol oynayacaq.

Digər tərəfdən də nəzərə almaq lazımdır ki, Azərbaycan özü də gübrə istehsalçısıdır. Belə ki, 2016-cı ilin yanvarın 16-da istifadəyə verilən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində inşa edilmiş “SOCAR Karbamid” zavodunun illik istehsal gücü 650-660 min tondur.

İlkin hesablamalara görə, zavodun istehsal etdiyi gübrənin 30%-ə qədəri daxili tələbatı ödəməyə, qalan 70%-lik hissəsi isə ixraca yönəldilməlidir. Hesablıamalar onu göstərir ki, Karbamid gübrəsinin ixracından əldə gəlirlər illik 160 mln. ABŞ dollarına bərabər olacaq.

Artıq BTQ və dəniz nəqliyyatı vasitəsi ilə karbamid gübrəsi Türkiyəyə ixracı həyata keçirilib. Əgər Batumidəki layihə də uğurla reallaşarsa Azərbaycanın qeyri-neft sektorunda reallaşdırılan ən iri layihəsi olan “SOCAR Karbamid”in məhsulu bu terminal vasitəsi ilə də Avropa bazarlarına da çıxarıla bilər.

Bütün bunlar isə Azərbaycanın tranzit və ixracatçı ölkə kimi əhəmiyyətini daha da artıracaq və büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının çoxalmasına səbəb olacaq.