Bodrum – Türkiyənin mavi suları

Egey dənizinin sahilində, yarımadada yerləşən balaca şəhər – Bodrum. 31 min əhalisi olan bu şəhər Türkiyənin ən elit kurortu adını ciddi cəhdlə qoruyur.

Zəngin tarix, təmiz çimərlikləri, ideal iqlimi və unikal mövqeyi şəhərə əlavə üstünlük verir. Buna görə də dünyanın ən tanınmış hotel şəbəkələri Bodrumda fəaliyyət göstərir.

Bütün bunlara baxmayaraq, Bodrumda qiymətlər hamıya uyğun olduğundan istənilən təbəqənin nümayəndəsi burada rahat şəkildə istirahət edə bilər.

Biz Bodrum turizminin maraqlı cəhətlərini göstərmək üçün həmin şəhərə yollanırıq!

Bodrum

Mavi sahilin neməti

Əvvəlcə qeyd edək ki, Bakıdan Bodruma birbaşa aviareys var. 3 saatlıq uçuşla siz nağıllar aləminə daxil ola bilərsiniz.

Bodrum

Bodrum Türkiyənin Avropaya ən yaxın kurortudur. 4 kilometrlik məsafədə Yunanıstanın Kos adaları yerləşir.Qədimdə Bodrumun yerində əhalisi, əsasən, yunanlardan ibarət olan Halikarnas şəhəri yerləşib. Qədim və çiçəklənən Halikarnasın təməli yunanlar tərəfindən qoyulub. Bu səbəbdən Bodruma gələndə, dərhal Türkiyədə olduğunun fərqinə varmırsan. Mavi dəniz fonunda ağappaq tikililərin olması, ətrafdakı şam meşələri ilə örtülən təpələr və sahilə bağlı yaxtalar. Bu, Yunanıstan, İtaliya, Fransanın Aralıq dənizi kurortlarının tipik görüntüləridir. Təsadüfi deyil ki, “The New York Times” bir vaxtlar Bodrumu “Türkiyənin Sen-Tropesi” adına layiq görüb. Maraqlıdır ki, Bordumun sahillərini Aralıq yox, Egey dənizi sığallayır. Bu da sahil boyu ideal iqlimi müəyyən edir: yay vaxtı havanın orta hərarəti 25-28 dərəcə, suyun temperaturu 21-25 dərəcə təşkil edir. Qonşu kurortlarda insanların 40 dərəcə istidən əziyyət çəkdiyini nəzərə alsaq, fərqi daha aydın hiss etmiş olarıq.

Turistlər Bodrumda rahat çimərlik istirahətindən savayı, asudə vaxtın mənalı keçirilməsi üçün yaxşı imkanlar əldə edirlər. Burada fəal idman növləri ilə məşğul olmaq və ya memarlıq şedevrlərinə vaxt sərf etmək olar.

Halikarnas mavzoleyi qədim zamanların 7 dünya möcüzəsi siyahısına daxil olub. Mavzoleyin özü qorunub saxlanılmasa da, Bodrumda ondan heç də geri qalmayan haqqında bəhs edəcəyimiz unikal tarixi abidələr var.

Bodrum

Lakin macəra ardınca getməzdən əvvəl buradakı istirahətdən alacağınız xoş təəsuratın böyük hissəsini təşkil edəcək mehmanxananın seçimi ilə məşğul olmaq lazımdır. Bizim Bodrumda qaldığımız ilk məkan – “Mandarin Oriental” diqqətəlayiq məşhur mehmanxana şəbəkəsinin dəbdəbəli bəndlərindən biridir. “Mandarin Oriental” mehmanxanalarına dünyanın ən məhşur turizm məkanlarında rast gəlmək olar: Barselona, London, Paris, Milan, Nyu-York və əlbəttə, Bodrumda. İki fərdi çimərliyi və istirahət üçün müxtəlif rahatlıqları olan dəbdəbəli 5 ulduzlu mehmanxana Bodrumda ideal bir məkanda – Cənnət körfəzində yerləşib. Bu, mənzərəli təpələr və şam ağacları ilə əhatə olunan dənizdən sonrakı ilk xətdir.

Həzzin formulu

Mandarin hotel

Biz “Mandarin” hotelin üçüncü mərtəbəsində yerləşən ikinəfərlik nömrədə yerləşirik. Buradan Egey dənizinə möhtəşəm mənzərə açılır.

Rahat və işıqlı nömrədə istirahət üçün böyük vanna otağından tutmuş qəhvəbişirənə qədər bütün detallar nəzərə alınıb.

Maraqlıdır ki, 129 nömrədə yüksək səs texnologiyası ilə tanınan Bang & Olufsen şirkətinin avadanlığı quraşdırılıb.

Hotelin ətrafı yaşıllığa bürünüb, ətrafda çoxlu görünməyən hovuzlar, çardaqlar, qəlyanaltı üçün məkanlar və restoranlar fəaliyyət göstərir. Hotelin interyeri təbiətlə harmoniya təşkil edən ağaclardan qurulub.

Qeyd etmək yerinə düşər ki, hotelin interyeri ilə məşhur dizayner Antonio Çitterio məşğul olub.

Yüngül qəlyanaltı üçün məşhur “IOKI” brendinə məxsus olan “Kurochan” hotelinə üz tuturuq. Bu şəbəkənin İstanbulda bir neçə restoranı var.

Bu restoranda yaponiyalı aşbazın hazırladığı Asiya mətbəxinin ən ləzzətli təamlarını dadmaq olar.

Burada balıqdan hazırlanmış tempura və dəniz məhsullarını, tərəvəzdən hazırlanaraq qızardılmış klyareni dadmağınız məsləhətdir.

Təbii ki, hotel bütün kulinar ləzzətləri dadmaq üçün yeganə məkan deyil. Burada 8 restoran və bar fəaliyyət göstərir. Növbəti günlərdə biz çimərlik klubu olan “The Sands”da Aralıq dənizinin məhsullarını və türk mətbəxinin təamlarını dadırıq, “ La Suite Bodrum Lounge”da caz musiqisinin sədaları altında kokteylər, çərəzlər və sprinq-rollardan ləzzət alırıq.

Egey dənizinə möhtəşəm mənzərəsi olan “Bodrum Balıkçısı” restoranında təklif olunan yerli balıq növləri və dəniz məhsullarını da diqqətdən kənar saxlamaq olmaz.

İstirahət…

Bu arada, italyan restoranını da yaddan çıxarmaq olmaz. “Mandarin Oriental” hoteldə yerləşən “Assaggio” restoranında italyan mətbəxini ləzzətini dadmaq mümkündür. Burada əla italyan pastası, raviolli və ənənəvi lazaninidən həzz almaq olar.

Bodrum öz gözəlliyi və qonaqpərvərliyi ilə əsrarəngizdir. Biz yalnız türk rivieriasının bir hissəsini araşdırdıq. Gələn yazımızda bu kurort zonasının gecə həyatından, ənənəvi bazardan, ad çıxarmış tekstilindən, xalçasından və antik abidələri ilə məşhur olan Efesdən bəhs edəcəyik.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin