PAYLAŞ

Seçiminizi dəyişdirəcək gözəllikləri.

Bosniya və Herseqovinanın hər daşı, torpağı, küçələri Osmanlı tarixi (1463-1878) qoxur desək yanılmarıq və üstəlik bura cibinizə münasib ölkələr siyahısındadır. İşdir, əgər məzuniyyət planları qurub artıq ölkə və şəhər seçimi etmisinizsə, təəssüf edirik. Çünki bütün planlarınızı alt-üst edəcək reportajı sizə təqdim edir. Əgər sözügedən ölkənin gəziləcək yerləri sizə maraqlıdırsa, haydi gəzməyə 🙂

Mostar körpüsü

Bosniya və Herseqovinanın simvolu Mostar körpüsüdür. 24 metr hündürlüyündəki körpünün çox maraqlı hekayəsi var. Bir vaxtlar evlənmək istəyən gənclər cəsarətli olduqlarını sübut etmək üçün bu körpüdən özlərini atırmışlar. Bu ənənə zamanla bir qədər dəyişsə də hazırda yenə qüvvədədir. Körpünün ətrafında tarixi əşyalar və hədiyyəlik əl işləri satılan kiçik mağazalar mövcuddur. Koski Mehmet Paşa Məscidi, Saat qülləsi də körpünün yaxınlığındadır.

Baş bazar

Paytaxt Sarayevonun ən görməli yerlərinin başında gəlir. Bütün gözəl turistik məkanlar da Baş bazardadır. Burada İstanbulun Qapalı çarşısına bənzədilən Qazi Husrev adına bazar, muzey və məscid mövcuddur. Sarayevonun digər simvolu Sebil adlanan yerdir ki, “burdan su içənin Bosniya və Herseqovinaya bir daha yolu düşər”, deyirlər. Bol mağazaların olduğu Mula Mustafe küçəsi ilə gəzəndə isə Sönməyən atəş abidəsinə rast gələ bilərsiniz.

Sarayevo kilsəsi

Kilsə 1884-cü ildə neoqotik üslübda tikilib. Kilsənin ikinci adı İsanın böyük ürəyidir. Xarici görünüşü ilə diqqət çəkən başqa bir bina isə Sarayevo Milli Kitabxanasıdır. Kitabxanadan məşhur Latinska  körpüsünə gedə bilərsiniz.

İnadkar Kuca evi

Avstriya-Macarıstan İmperatorluğu Sarayevonu işğal etdikdən sonra çayın kənarına görkəmli bir bələdiyyə binası tikdirmək istəyib. Ancaq sözün əsl mənasında inadkar olan Benderija adlı biri “burda mənim evim var”, deyərək binanın tikilməsinə icazə verməyib. Uzun müzakirələrdən və get-gəllərdən sonra Benderija bir şərtlə binanın tikilməsinə razı olub ki, evinin eynisindən çayın qarşı tərəfində inşa olunacaq. Əlaqədar şəxslər şərti qəbul edib və evin tamamilə eynisindən çayın qarşı tərəfində tikiblər. Həmin ev indi də bosniyalıların inadkarlığını təmsil edir.

Yellow Bastion

Sarayevoda gəzməli məkanlar bir-birinə çox yaxındır. Ona görə də bura ayaqla gəzə biləcəyiniz şəhərlər siyahısındadır. Sebil adlanan yerdən 10 dəqiqə yuxarıya doğru yeriyəndə müsəlman məzarlığı yaxınlığında Yellow Basiton deyilən bir divar görəcəksiniz. Buradan Sarayevonun gözəlliyini görə bilərsiniz.

Blagaj qəsəbəsi

Bosniya və Herseqovinanın ən məşhur qəsəbələrindən biridir. Buranı məşhur edən isə dərvişlər üçün Buna çayının üzərində tikilən Blagaj təkyəsi və ya Alpərənlər təkyəsidir. 1520-ci ildə inşa edilən tikili Bosniyanın sürətlə müsəlmanlığı qəbul etməsində önəmli rol oynayıb.