Ev Turizm Xəbərləri Bu gün Abşeron Milli Parkının 15 yaşı tamam olur

Bu gün Abşeron Milli Parkının 15 yaşı tamam olur

Abşeron Milli Parkı

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahədə – Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb.

Milli Park Bakının cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsidir. Nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılmasıdır. Ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılmasıdır. Ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılıb. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.