Ev Gəzməli yerlər Gəzəyənlər Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (ATIF) sərgisi daha fərqli olacaq

Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (ATIF) sərgisi daha fərqli olacaq

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (ATIF) sərgisi

Aprelin 4-8-də 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq.

Gezmeli.az xəbər verir ki, hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini bir araya gətirəcək. Eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını burada bir araya gələcək.

Bu il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək. Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu da bu sərgini dəstəkləyir. Həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlarda bura daxildir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.

Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri sərgidə iştirak edəcək. Öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, TailandÇex Respublikası milli stendlər ilə çıxış edəcək. Əvvəlki il ilə müqayisədə, bu il Belarus və Tailand daha böyük sərgi ərazisini bron edib.

Azərbaycan Stendi

Bu il sərgidə Azərbaycanın stendi də təqdim olunacaq. Birinci zalda böyük sahəni əhatə edən bu stenddə həm xarici qonaqlar, həm də daxili turizm üçün ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflər ilə tanış ola biləcəklər.

Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Artıq sərginin xüsusi sektoruna çevrilmiş “Tibbi və sağlamlıq turizmi” sektoru da var. Ənənəvi olaraq sərgidə bir sıra ölkələri təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri tərəfindən geniş şəkildə təqdim ediləcək.

Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək. Belə ki, sərgidə təşkilatçılar tərəfindən “B2B” formatlı görüşlər üçün işgüzar platforma yaradılacaq. Burada həm yerli, həm də xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün bir-birləri ilə görüşə biləcəklər.

Sərginin əyləncə proqramı çərçivəsində beynəlxalq rəqs festivalının təşkili planlaşdırılır. Bu maraqlı və parlaq tədbirin əsas məqsədi xarici iştirakçılara öz mədəniyyətlərini qədim incəsənət növü – rəqs vasitəsi ilə təqdim etmək üçün imkan yaratmaqdır. Festival Bakı Ekspo Mərkəzinin foyesində keçiriləcək.

Nəsimi ili

Nəsimi ili” “AITF” sərgisi çərçivəsində də öz əksini tapacaq. Təşkilatçılar “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil etməklə, bu hadisəni qeyd etmək və bununla da şairin xatirəsini yad edərək sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək qərarına gəliblər.

Sərgi turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat alırlar. Eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər.

Bu il ilk dəfə olaraq, sərginin daimi iştirakçısı – Dominikan Respublikası Turizm Nazirliyi öz turizm marşrutunuAITF” sərgisinin ziyarətçilərinə daha parlaq şəkildə təqdim etmək üçün tədbirin sponsoru qismində çıxış edəcək.