Ev Gəzəyənlər Bu il Novruz festivalı yeni konseptdə təqdim olunacaq

Bu il Novruz festivalı yeni konseptdə təqdim olunacaq

68
0
Novruz festivalı

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə builki Novruz şənlikləri festival formatında təşkil olunaraq 20 gün davam edəcək.

Şəhər sakinlərinin və qonaqların bayram günlərində asudə vaxtının maraqlı və səmərəli keçirilməsi məqsədilə təşkil olunan festival “Sahil bağı”nda martın 10-dan 30-dək keçiriləcək. Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılmasıda əsas məqsədlərdən biridir.

Festival ərazisi Novruz elementləri və dörd çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya ediləcək. Tematik olaraq bir neçə hissəyə bölünəcək. Festival zonası hər gün saat 11.00-dan 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək ziyarətçilərə açıq olacaq.

Şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənətkarların əl işləri nümayiş etdiriləcək. Ustad dərsləri keçiriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq. Animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqramlar qonaqlara təqdim olunacaq.

Festivalda UEFA final liqasının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq. İdmançılarla imza günləri təşkil ediləcək.

İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qızı, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (müzikl) nümayiş etdiriləcək.

Tamaşada Novruz bayramı ilə bahar fəslinin sevgisi, xeyir və şərin əbədi mübarizəsi, sonda sevginin və xeyrin qalibiyyəti təsvir olunur.