Like Travel

Vətəndaşlar bu il daha bir turizm şirkəti tərəfindən dələduzluğa məruz qalıb.

Bu barədə “Qafqazinfo”ya məlumatı zərərçəkmiş Elmir Sadıqlı verib. Elmirin sözlərinə görə, o və dostları ayrı-ayrılıqda “Like Travel” adlanan şirkətə 4200 manat ödəyərək Antalyaya tur-paket almaq istəsə də, şirkət tərəfindən dolandırılıb:

“İyulun 6-sı 3 dostumla birgə Antalyaya tur-paket almaq üçün “Like Travel” adlanan şirkətə yaxınlaşdıq. İlkin ödəniş olaraq hər birimiz 700 AZN ödədik. Şirkətin direktoru Azər Şükürovla razılaşdıq ki, uçuşa 15 gün qalmış növbəti ödənişi edib vauçeri alacağıq. Ümumilikdə ödənişimiz isə 4200 AZN təşkil edirdi ki, bu paketə 4 nəfərin otel, təyyarə biletləri daxil idi.

Növbəti 3500 AZN ödənişi iyulun 18-də şirkətin digər ofisində ödədim. Azər Şükürov sabah, yəni ayın 19-da vauçerlərimizi götürə biləcəyimizi dedi. Ancaq bu sabahlar uzandıqca uzandı. Biz otellə əlaqə saxladıq, heç adımıza rezervasiya bele edilmədiyini öyrəndik. Bundan sonra aldadıldığımız hiss edərək ofisə yaxınlaşdıq. Orada bildik ki, bizimlə yanaşı 20-30 nəfər də aldadılmış şəxs var.

Ödədiyimiz məbləği geri tələb edəndə Azər Şükürov pulu xərclədiyini bildirdi və geri qaytaracağını vədd etdi. Sonra öyrəndik ki, 31 avqust tarixində gecə ilə Azər Şükürov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

Biz də eyni zamanda rəsmi olaraq 102-yə şikayət etmişik. 20-ci Polis bölməsində izahatımızı aldılar və bildirildi ki, eyni şikayətlə bağlı 25 nəfər müraciət edib. Ümumi olaraq insanlardan 70 -80 000 AZN çərçivəsində pul mənimsənilib.

Ancaq 10-12 gün sonra Azər Şükürov azadlığa buraxılıb. Bakıdan qaçaraq Kürdəmir rayonunda gizləndiyini öyrənmişik.

Hər dəfə zəng edəndə, evini satıb borcumuzu ödəyəcəyini söyləyir. Biz pulumuzu geri ala bilmirik. Şikayətlərimizə baxılmadığı üçün mediaya müraciət etmək məcburiyyətində qaldıq”.

“Qafqazinfo”nun əməkdaşı ittihamlarla bağlı şirkətlə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verən olmayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin