Mənim Parisə bu dəfə payızda növbəti səfərim uğurla başa çatdı. Payızın ortalarında Fransa paytaxtına getmək ideyası məndə çoxdan yaranmışdı. Payızı sevirəm, Paris isə ilin hər fəslində gözəldir. Budur viza və biletlə bağlı qayğıları həll etdikdən sonra, oktyabr ayının son günlərində səfər yoldaşlarımla bərabər Parisin Şarl de Qoll aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin təyyarəsindən endik. Bakıdakı günəşli havadan sonra tutqun və rütubətli mühitə düşmək qeyri-adi təəssürat idi. Qeyd edim ki, payız və qış aylarında buludluluğun və yağıntının çox olması səbəbindən Parisdə günəşli günlərin sayı az olur.

Aeroportun divarında yazılmış “Paris vous aime” (”Paris sizi sevir”) sözləri məni riqqətə gətirdi. Mən də bu şəhəri sevirəm. Soruşa bilərsiniz ki, nəyə görə? Yəqin ki, burada hökm sürən xüsusi ab-havaya, zəngin tarixi keçmişlə müasirliyin, hər bir çətin vəziyyətdə yardıma tələsən parislilərin xeyirxahlığının və mehribanlığının inanılmaz vəhdətinə görə.

Payızda Parisin küçələrində gəzib-dolaşmaq mənə xüsusi zövq verdi. Şəhərdə böyüklərin və uşaqların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılan çoxlu park var. Parklarda bənzərsiz təbii gözəllik yaradan müxtəlif ağaclar və kollar şəhərin ekoloji tarazlığının keşiyindədir. Bağ və parkların çoxunda bəzi ekzotik heyvan növlərinin, məsələn, uzaq Avstraliyadan gətirilmiş kenqurunun saxlanılması üçün zonalar yaradılıb, habelə memarlıq irsi nümunələri qayğı ilə bərpa olunur. Şəhərdəki tarixi binaların çoxunda müxtəlif muzeylər, məsələn, tarix, zoologiya, nəbatat muzeyləri yerləşir. Ayrı-ayrı fənlər üzrə biliklərini artırmaq istəyən məktəbli və tələbələr tez-tez bu muzeylərə gəlirlər.
