Mənim Parisə bu dəfə payızda növbəti səfərim uğurla başa çatdı. Payızın ortalarında Fransa paytaxtına getmək ideyası məndə çoxdan yaranmışdı. Payızı sevirəm, Paris isə ilin hər fəslində gözəldir. Budur viza və biletlə bağlı qayğıları həll etdikdən sonra, oktyabr ayının son günlərində səfər yoldaşlarımla bərabər Parisin Şarl de Qoll aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin təyyarəsindən endik. Bakıdakı günəşli havadan sonra tutqun və rütubətli mühitə düşmək qeyri-adi təəssürat idi. Qeyd edim ki, payız və qış aylarında buludluluğun və yağıntının çox olması səbəbindən Parisdə günəşli günlərin sayı az olur.
Aeroportun divarında yazılmış “Paris vous aime” (”Paris sizi sevir”) sözləri məni riqqətə gətirdi. Mən də bu şəhəri sevirəm. Soruşa bilərsiniz ki, nəyə görə? Yəqin ki, burada hökm sürən xüsusi ab-havaya, zəngin tarixi keçmişlə müasirliyin, hər bir çətin vəziyyətdə yardıma tələsən parislilərin xeyirxahlığının və mehribanlığının inanılmaz vəhdətinə görə.
Payızda Parisin küçələrində gəzib-dolaşmaq mənə xüsusi zövq verdi. Şəhərdə böyüklərin və uşaqların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılan çoxlu park var. Parklarda bənzərsiz təbii gözəllik yaradan müxtəlif ağaclar və kollar şəhərin ekoloji tarazlığının keşiyindədir. Bağ və parkların çoxunda bəzi ekzotik heyvan növlərinin, məsələn, uzaq Avstraliyadan gətirilmiş kenqurunun saxlanılması üçün zonalar yaradılıb, habelə memarlıq irsi nümunələri qayğı ilə bərpa olunur. Şəhərdəki tarixi binaların çoxunda müxtəlif muzeylər, məsələn, tarix, zoologiya, nəbatat muzeyləri yerləşir. Ayrı-ayrı fənlər üzrə biliklərini artırmaq istəyən məktəbli və tələbələr tez-tez bu muzeylərə gəlirlər.
Xüsusi qeyd edim ki, Fransa paytaxtının Site adasında yanğından zərər çəkmiş Notrdam kilsəsinin ətrafındakı bütün ərazi hasarlanıb. İndi həmin ərazidə kilsədə çalışan əməkçilərin istirahəti üçün müvəqqəti tikililər quraşdırılıb. Rəsmi informasiyaya görə, bərpa işləri beş il davam edəcək.
Parisin qədim Monmartr rayonu və onun ən uca nöqtəsində yerləşən “Sacré Cœur” (Müqəddəs ürək) kilsəsi xüsusilə diqqətəlayiqdir. Kilsə Qərb və Şərq üslublarını özündə birləşdirən qeyri-adi arxitekturası və yerləşdiyi məkan ilə təəccübləndirir. Təpənin üstündə kilsə ucaltmağı XIX əsrin ortalarında qərara alıblar. Kəskin siyasi ixtilafların tüğyan etdiyi o dövrdə Parisin hakimiyyət orqanları şəhərin bu təpədə qoyulmuş topdan atəşə tutulacağından ehtiyat ediblər. Kilsənin tikintisi 30 il çəkib.
Paris çoxmillətli şəhər, tolerantlıq və multikulturalizm nümunəsidir. Nəhəng meqapolisin ərazisində müxtəlif irq və millətlərin nümayəndələri yaşayır. Burada müxtəlif mədəniyyətlərin və dinlərin təmsilçiləri mehribanlıq şəraitində dinc yanaşı yaşayır, dostluq edir, çoxsaylı xudmani kafelərin masaları arxasında görüşüb söhbətləşirlər. Binaların bayırında, düz küçədə cərgə ilə masalar düzülüb. İlin soyuq vaxtlarında qızdırıcı sistem işə salınır ki, müsafirlər üşüməsin və özlərini rahat hiss etsinlər.
Parisin unikallığı bundadır ki, bu şəhərdə heç kəs darıxmır və özü üçün maraqlı nəsə kəşf edir. Paris kimisi üçün zəngin arxitektura, tarixi abidələr, incəsənət əsərləri, kimisi üçün şoppinq, moda sənayesi, kosmetika və ətriyyat malları, kimisi üçün isə müxtəlif ekzotik yeməklər, sadəcə, onun küçələrində gəzib-dolaşmaq fürsəti deməkdir.
Böyük Amerika yazıçısı Ernest Heminquey vaxtilə deyib: “Paris həyat üçün bayramdır”. Yazıçının bu şəhərdə onun və ailəsinin həyatına həsr olunmuş romanı da məhz belə adlanır. Mən isə belə düşünürəm: Parisin rəmzi, hər axşam alışıb yanmağa başlayan Eyfel qülləsi hər kəsin qəlbinə işıq saçır. Düşünürəm ki, Eyfel qülləsinin sayrışan işıqları nəinki adi günlərdə bayram əhval-ruhiyyəsi yaradır, həm də gündəlik qayğıların ağırlığı altında əzilən insanları ruhlandırır, onlarda gələcəyə inam hissi yaradır.