Ev Turizm Xəbərləri Çernobıl faciəsi – Fəlakətdən turizmə… – FOTOLAR

Çernobıl faciəsi – Fəlakətdən turizmə… – FOTOLAR

Çernobıl faciəsi

1986-ci ilin aprelində Çernobıl Atom elektrik stansiyasının 4 saylı nüvə reaktorunda baş verən qəza bəşəriyyəti böyük bir təhlükə ilə üz-üzə qoydu.

Məqsədimiz bu faciənin səbəbləri və nəticələri barədə danışmaq deyil. Tərk edilən Çernobıl AES və onun yaxınlığındakı Pripyat şəhərinin aqibəti maraq doğurur.

ATV.az xəbər verir ki, neçə illərdir insan yaşamayan bu yerlər son zamanlarda turistlərin diqqətini daha çox cəlb edir. Bu məsələdə amerika istehsalı olan Çernobıl serialının da təsiri danılmazdır. Film qəzanın başvermə səbəbləri haqqında olsa da, turizm baxımından əsl təbliğat vasitəsinə çevrildi. 2011-ci ildən etibarən radiasiya səviyyəsinin azalmasını nəzərə alan elm adamları buranın turizm üçün istifadəsinə icazə verdi. Turist kimi səyahət etmək istəyənlər xüsusi turizm agentliklərinə müraciət etməlidir. Pripyat şəhəri insanlardan təcrid olunduğu üçün bura girməzdən öncə turislər mühafizəçilər tərəfindən yoxlanılır. Tur bələdçiləri isə gəzinti əsnasında hər bir məkanla bağlı məlumat verirlər. Hadisədən təxminən 30 ildən çox vaxt keçməsinə baxmayaraq həmin ərazidə radiasiya hələ də var. Bu səbəbdən şəhərdə çox vaxt keçirmək turistlərə məsləhət görülmür. Buna baxmayaraq təkcə ötən il ərzində buranı 60 mindən çox turist ziyarət edib.

Fotoqraf Orxan Əzim də Çernobıla turist kimi gedənlərdəndir. Orda gördüyü mənzərəni lentə almağı unutmayan gənc, şəhərin vahiməli olduğunu söyləyir.

Orxan Əzim-Fotoqraf: “Biraz qorxunc yerdi. Nə mənada qorxunc yerdi çünki işıq olmadığı üçün, hava da tez qaraldığı üçün vahiməli gəlir. O da adamın özündən asılıdı qorxur ya qorxmur. Diqqətimi çəkən orda arxitektura oldu. Sovet arxitekturasıdır, olduğu kimi qalıb. Binaların üstündəki mozaikalardır, yaşayış binalarıdır, təbiətdir, landşafdır, ağac çoxdur həddindən artıq ağaclar demək olar ki, kollar artıq binaların giriş qapılarını tutub. Parklar boşdur, karusellər boşdur, mağazalar var idi – hamısı boşdur, otel var idi – boşdur. Yəni bildiyiniz ölü bir şəhərdir”.