Ev Turizm Xəbərləri Çindən Azərbaycana turizm turları ləğv edildi: Bazarı nə gözləyir? – ARAŞDIRMA

Çindən Azərbaycana turizm turları ləğv edildi: Bazarı nə gözləyir? – ARAŞDIRMA

turizm

2019-cu ilin sonundan etibarən Çində koronavirus yayılmağa başlayıb.

Son məlumatlara görə, Çində yeni növ koronavirusdan 563 nəfər ölüb. 28 018 nəfər isə bu virusa yoluxub. Bundan başqa, 1153 nəfər virusdan sağalıb. Ötən gün isə virusa 24 300 nəfərin yoluxduğu və 490 nəfərin öldüyü bildirilmişdi.

Dünya bu virusdan təşvişə düşüb. Azərbaycanda da Çindən gətirilən məhsullara məhdudiyyət qoyulub. Bu gün yayılan xəbərə görə, Çindən ölkəmizə turizm turlarına qadağa qoyulub.

Məsələ barədə Oxu.Az-ın əməkdaşı araşdırma aparıb.

Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov saytımıza açıqlamasında bildirib ki, Çindən Azərbaycana gələn aviareyslərin dayandırılması turistlərin azalmasına səbəb olur:

“İnanmıram ki, aviareyslər dayandırılandan sonra hər hansı bir çinli turist təyyarə ilə digər bir ölkəyə uçub, oradan da ölkəmizə gəlmək üçün 14 saat vaxt sərf edəcək. Hazırda Çindən ölkəmizə birbaşa uçuş olmadığı üçün turistlərin gəlişində bu il ərzində azalma olacaq”.

N.Bağırov bildirib ki, ölkəmizə Çindən gələn turistlərin sayı çox olmadığından bu, turizmin inkişafına çox təsir etməyəcək:

“Oradan gələnlərin sayı çox deyil və bu, bizim turizm bazarı üçün böyük problem yaratmır. “Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Çinlə bağlı bütün layihələri, o cümlədən, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb, amma sənəddə bu il nə qədər turistin gəlməsi qeyd edilməyib. Bu problem müvəqqətidir, bir müddət sonra həllini tapacaq. Oradan bizə gələn turistlərin sayı heç bir faiz də deyil”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Kənan Hənifəyevin sözlərinə görə, koronavirusun yayılması ilə Çinə gələn turistlərin sayında 90 faizə azalma müşahidə edilir:

“Bu da ölkə iqtisadiyyatı üçün əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Bu, həm turizm, həm logistika, həm də digər ticarət sənayelərinə təsir göstərir. Azərbaycana gələn çinli turistlərin turları təhlükəsizlik məqsədilə qeyri-müəyyən vaxta təxirə salınıb.

Turizm şirkətlərinin fevral, mart ayı üçün nəzərdə tutduqları böyük turist qruplarının rezervasiyalarının ləğvi və dondurulması ölkə turizmimizə də ziyan vurur. Azərbaycanlıların da Çinə gedişi dayandırılıb.

Əvvəldən səfərlərini planlayan turistlərimiz isə tur paketlərini geri qaytarır. Təbii ki, alınan aviabiletlər isə həm Azərbaycan Hava Yolları, həm də Çin Hava Yolları tərəfindən cəriməsiz şəkildə vətəndaşlara geri ödənilir. Bu kimi hallar hər iki tərəfdən turizm şirkətləri üçün çətinlik yaradır”.

Ekspert qeyd edib ki, Azərbaycan gəlmə turizmi üçün prioritet istiqamətlərdən biri də Çin turist bazarıdır:

“2020-ci ildə qarşıya qoyulan hədəflərdə ölkəyə gələn turist sayının artmasında Çin turistlərinin aktivliyini proqnozlaşdırmışdıq. Novruz bayramı, “Formula 1” yarışı və “Avro 2020”nin Bakıdakı keçirilən oyunları sayəsində qarşıya qoyulan hədəfə çatmağı ümid edirik.

Turist axının dinamikasının artmasına və sabit saxlaması üçün də “Azərbaycan Hava Yolları” QSC (AZAL tərəfindən də münbit şərait yaradılıb. Xarici aviaşirkətlər ölkəmizdə aviareyslərin təşkili ilə qarşılıqlı turist mübadiləsi edərək, Avropa Asiya və MDB ölkələri ilə turist trafikini sabitləşdirmək olar”.

“Proqnozlarımıza görə, koronavirusun tam olaraq neytrallaşması mart ayının ortasına kimi davam edə bilər. Ümid edirik ki, daha tez bir zamanda virusa qarşı mübarizədə qalib gələcəyik və dünya turistləri də təhlükəsiz şəkildə istənilən ölkəyə səyahətlərini davam edə biləcəklər”, – deyə K.Hənifəyev əlavə dib.

2019-cu ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3,17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 11,4% artım deməkdir. Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda, Asiya və Avropa ölkələri təşkil edir.

Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 14,7% artım hesab olunur.

Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25,3% artım), Almaniya (20 min nəfər və ya 19,4% artım), İtaliya (12 min nəfər və ya 10,8% artım) və Fransadan (9 min nəfər və ya 15,2% artım) təşkil edib.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46,7% artım göstərib.

Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62,4% artım müşahidə olunub.

Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19,9%, Ukrayna üzrə isə 2,4% artım müşahidə edilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat xidməti Orxan Bədəlov bildirib ki, qurumun ekspertlər şurası mütəmadi olaraq turizm bazarında monitorinq aparırlar:

“Çində baş verən koronavirusun əhatə dairəsi genişləndiyi üçün monitorinqi də sürətləndirilib. Azərbaycandan Çinə səfər edənlərin sayında 50 faiz, Çindən ölkəmizə gələnlərin sayında isə 20 faiz azalma var. Azərbaycandan Çinə gedənlərin 80 faizi yerli iş adamlarıdır, onlardan 15-20 faizi turist sayılır.

Turizm şirkətləri bunun səbəbini iki aspekt ilə izah edirlər. Orada bir ay müddətinə bayram olduğu üçün iş olmur və iş adamları da getmək istəmir. Digər tərəfdən isə virusdur və risk böyükdür. Bu baxımdan ilkin addımda mart ayına kimi Azərbaycana turist gəlişi dayandırılıb”.

O.Bədəlov qeyd edib ki, Dövlət Turizm Agentliyinin Çinlə bağlanan müqaviləsi qüvvədədir:

“Bu müvəqqəti haldır. Yenidən Çin bazarı ilə əməkdaşlıq davam etdiriləcək. Taktiki dəyişiklik oluna bilər. Məsələ həll olunandan sonra uçuşlar bərpa olunacaq. Çünki Çin bazarı bizim üçün önəmlidir”.