Ev Turizm Xəbərləri Daha turistlərə kələk gələ bilməyəcəklər

Daha turistlərə kələk gələ bilməyəcəklər

turizm

Turizm şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirmək üçün onlar mülki məsuliyyət sığortasına cəlb ediləcək. Azərbaycan-a özəl açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib. Bəzi turizm şirkətlərinin turistlərin etimadından istifadə edərək onları aldatması faktlarına münasibət bildirən Agentlik nümayəndəsi bu istiqamətdə bir sıra yeniliklərin tətbiq ediləcəyini vurğulayıb.

O, bildirib ki, 2015-ci ildən etibarən turizm sahəsində lisenziyalar ləğv edilib: “Azərbaycan Prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında turizm sahəsi öz əksini tapmayıb. Bu, turizm bumuna təkan verən amillərdən biri olub. Lisenziyaların ləğvi turizm sənayesində canlanma yaratdı. Bu gün üçün Azərbaycanda 3 mindən çox turizm şirkəti var. Hazırda turizm şirkətlərinin sistemləşməsi prosesi gedir. İlin sonuna qədər turizm reyestri yaradılacaq. Turizm reyestrində həmin şirkətlər də qeydiyyatdan keçəcək və kateqoriyalara bölünəcəklər. Kateqoriyalar onların göstərdiyi xidmətin çeşidi və səviyyəsinə görə müəyyən olunacaq. Bu sahədə dövlət nəzarətini faktiki olaraq gücləndirmək üçün turizm şirkətləri mülki məsuliyyət sığortasına cəlb ediləcəklər. Bu sığorta vasitəsilə onların yerli və xarici turistlər qarşısında öhdəlikləri təmin ediləcək Bu gün üçün Milli Məclisdə Turizm haqqında qanun müzakirə edilir. Yeni nəzarət və sistemləşmə mexanizmləri hüquqi normativ aktlarda göstəriləcək”.

K. Quluzadə bildirib ki, turizm şirkətləri ilə bağlı Dövlət Turizm Agentliyinə rəsmi olaraq bir müraciət daxil olub. O da yerli turistin sərhədi keçməsində yaranmış problemlə bağlı olub: “Biz yerli KİV-i monitorinq edirik. Bəzən turistlərin aldadılması halları baş verir. Bu, sistemli xarakter daşımasa da, bu cür hallar qeydə alınır. Biz bu cür arzuolunmaz halları hüquqi məsuliyyət sığortası ilə tənzimləməyə çalışırıq”.