Ev Turizm Xəbərləri Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil edilib

Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil edilib

Tədbir

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi (AMM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə mərasim keçirib.

AMM-də keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə qonaqları təbrik edib. Həmrəylik günü haqda məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarına ünvanladığı təbrikini oxuyub. 2019-cu ilin ölkələrimiz üçün uğurlu nəticələrlə yadda qaldığını qeyd edib.

Diplomat Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü və Özbəkistanın bu qurumun tam hüquqlu üzvü olması, Qoşulmama Hərəkatına Azərbaycanın sədr seçilməsi və başqa uğurlarımızı sadalayıb. Bu ilin qardaş Özbəkistanla əlaqələrin dərinləşdirilməsi istiqamətində yaddaqalan il olduğunu vurğulayıb.

Daha sonra səfir hər il Özbəkistanda mətbuatla bağlı ənənəvi olaraq keçirilən müsabiqə haqqında danışıb. Özbək mətbuatında Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, təcavüzkar qonşularımızın ölkəmizə qarşı əsassız ərazi iddiasından danışılıb. Habelə Azərbaycan-Özbəkistan dostluğuna dair çoxsaylı materialların hazırlandığını və televiziya kanallarında nümayiş etdirildiyini qeyd edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, İslam Sivilizasiyaları Mərkəzi Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, professor İsroil Şamsimuxammedov 2019-cu ildə Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığından danışıblar. Elan olunan müsabiqə nəticəsində özbək mətbuatında Azərbaycana dair 500-ə yaxın materialın, məqalənin, tərcümə əsərinin çap edildiyini, televiziya verilişlərinin yayımlandığını söyləyiblər.

Sonra Özbəkistandakı səfirliyimiz, AMM və bu ölkənin Mətbuat və Kommunikasiya Agentliyinin elan etdiyi “Azərbaycana dair ilin ən yaxşı məqalə, televiziya verilişi, dostluğumuzu təbliğ edən ən fəal müəllif” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Qaliblər səfirliyin və Mədəniyyət Mərkəzinin fəxri diplomları, pul mükafatları ilə təltif olunublar.

Tədbirdə iştirakçılara ziyafət verilib, milli rəqslərimiz təqdim olunub