Ev Turizm Xəbərləri Ecazkar İordaniya: Petra

Ecazkar İordaniya: Petra

Petra

İordaniya ərazi baxımından o qədər də böyük ölkə deyil. Onun əsas şəhərləri və turistik məkanları kifayət qədər sıx məsafədə yerləşib və onların arasındakı məsafəni avtomobillə asanlıqla qət etmək olar. Beləliklə, siz harada olmağınızdan asılı olmayaraq, gecə saatlarında rahatlıqla öz otelinizə qayıda bilərsiniz. Bu səbəbdən müxtəlif yerlərdə otel bronlamaq və rahatlıqla səyahət etmək mümkündür. Biz ikinci variantı seçdik. Üstəlik, “Mövenpick” otellər şəbəkəsi də bizim marşrutumuz boyu ətrafdakı hər yerdə mövcuddur.

Tala-Bey kurortunda keçirdiyimiz gözəl gündən sonra biz Petraya – qədim şəhərin xarabaqlıqlarına yollanırıq. Bu yaşayış məskəni Şar dağının yaxınlığındakı qırmızı qumluqda yerləşir. Turistləri İordaniyaya cəlb edən də məhz bu qədim şəhərin ecazkar abidələridir.

Ecazkar İordaniya

Yol

Tala-Bey kurortundan Petraya avtomobillə 130 kilometr məsafə qət edərək təxminən 2 saata çatmaq olar. Əsasən, yol səhradan keçir və bu ərazidə möcüzəvi və koloritli qayalar diqqəti cəlb edir.

Yolun sonuna yaxın – Vadi Musa yaşayış məskəninə doğru taksi sürücüləri adətən suvenir mağazasının yanında dayanırlar. Bu mağazada turistlərin zövqünə uyğun zəngin çeşid var, lakin qiymətlər bazarda olduğundan daha yüksəkdir.

“Vadi Musa” ərəb dilində “Musa Peyğəmbərin vadisi” mənasını verir. Hesab edilir ki, Musa Peyğəmbər bu vadini keçərkən öz əsası ilə qayaya vuraraq səyahət yoldaşları üçün su çıxarıb. Həmin qaya Ayn Musa, yəni Musa Bulağı adlanır. Sonralar nabateylər burada kanal tikiblər və onun vasitəsilə həmin bulaqdan suyu Petraya çatdırıblar.

Ecazkar İordaniya

“Mövenpick Resort Petra” oteli

Növbəti otel – “Mövenpick Resort Petra” Petra Arxeologiya Parkının tam qarşısında yerləşir. Otel ənənəvi ərəb üslubunda bəzədilib. Onun interyerləri təbii daşların fakturasının ənənəvi vəhdətini təşkil edir, habelə burada əldə düzəldilmiş taxtdan, parçadan hazırlanmış Yaxın Şərq ornamentləri əks olunub. Otel otaqlarında qoyulmuş meyvə dolu naxışlı boşqablar və pəncərədən görünən qədim qayalıqlar qonaqların zövqünü oxşayır.

Petraya ekskursiya üçün sübh tezdən yola düşmək lazımdır. Həmin vaxt günəş şüaları insanı o qədər də yandırmır və buraya gələnlərin sayı da az olur. Bu səbəbdən axşamı otellə tanışlığa həsr etməyə qərar verdik.

Ecazkar İordaniya

Mətbəx

Otelə gəldiyimiz ilk dəqiqədə bizə “Mövenpik Resort Petra” otelinin yeddi restoranından birində yerli koloritli nəfis yeməklər təklif etdilər.

İordaniyasayağı menyu qəlyanaltı ilə başlayır. Burada qonaqlara kiçik porsiyalarla məzə təklif olunur. Adətən qəlyanaltıların sırasına humus – bişirilmiş noxudla halva, sarımsaq, zeytun yağı və limon suyu, habelə makdus – marinə olunmuş badımcan turşusu, mutabal – sarımsaqlı badımcan kürüsü, samosa – xəmirdən qızardılmış, həmçinin tərkibində qoz və soğan olan çəkilmiş ətdən kürəciklər, narın doğranmış göyərti, nəhayət, bulqur və duz əlavə olunmuş pomidorlu tabule daxil edilir. Bu, məzə qəlyanaltılarının heç də tam siyahısı deyil. Arzu edənlər onlardan imtina edə və əsas təam üçün iştahalarını saxlaya bilərlər.

İordaniyanın ən məşhur milli yeməyi mansafdır. Onu quru fermentli quru qatıq sousunda saxlanmış və cəmid adlanan qoyun ətindən hazırlayırlar. Bu təamın yanında süfrəyə düyü və ya bulqur verilir.

Axşam “Al Ghadeer Roof Garden” restoranına getməyə çalışın. Bu maraqlı iaşə obyekti “Mövenpick Resort Petra” otelinin damında – açıq havada yerləşir. Axşam saat 17:00-dan gecə yarısınadək işləyən restoranda İordaniya mətbəxinin nümunələri və manqalda hazırlanmış ət təklif olunur. Ulduzlu səma altında, yüksəklikdən ətrafdakı gözəl mənzərənin göründüyü şəraitdə şam yeməyi insana xüsusi ləzzət verir.

“Zara Spa Petra”

Otelin qonaqları yeni nəsil “Zara Spa Petra” mərkəzində şərq sağlamlıq ənənələrinin müasir müalicə proseduraları ilə vəhdəti şəraitində yaxşı istirahət edə bilər. Burada yerli inqrediyentlər, həmçinin Ölü dənizin duzu, minerallarla zəngin palçıq və yerli otlardan hazırlanmış efir yağlarından istifadə olunur. Eyni zamanda, proseduralarda duzlu örtüyə bürünməklə 75 dəqiqəlik üz və bədənin kompleks yaxşılaşdırılması metodları da tətbiq edilir. “Zara Spa Petra” mərkəzində masajçılar xüsusi texnika ilə aromat terapiyasından da istifadə edirlər.

Ecazkar İordaniya

Petraya yollanırıq

Petra Arxeologiya Parkına giriş ödənişlidir. Burada birgünlük biletin qiyməti 50 dinar (70 dollar), ikigünlük isə, 55 dinardır. Əvvəlcədən söyləyək ki, Petranın bütün tarixi abidələrini bir gün ərzində gəzib qurtarmaq mümkün deyil. Ən yaxşısı, ikigünlük bilet alaraq burada bütün abidələri görməkdir.

İtirilmiş inci

Tarixdən məlumdur ki, Petra şəhəri 2000 il əvvəl nabateylər tərəfindən salınıb. O, Mesapotamiyanı Misirlə birləşdirən ticarət yollarının həyati əhəmiyyətli kəsişməsində bir neçə yüz il ərzində fəaliyyət göstərib. Bu şəhərdəki rifahın mənbəyi ətriyyat, ətirli qatran və ədviyyat ticarəti olub. Sonradan şəhər Roma imperiyası tərəfindən zəbt edilib və onun bir hissəsi olaraq 363-cü ildə baş vermiş və şəhərin böyük bir hissəsini xarabalığa çevirmiş zəlzələyə qədər çiçəkləməkdə davam edib. Təbii fəlakətlər, ticarət yollarının dəyişməsi son nəticədə Petranın süqutuna səbəb olub. Bu şəhər VII əsrdə demək olar ki, bədəvilər istisna olmaqla, sakinlər tərəfindən tərk edilib.

1812-ci ildə isveçrəli tədqiqatçı İohan Burkxardt Petranı yenidən kəşf etmək üçün ərəb libasında özünün bədəvi bələdçisi ilə itmiş şəhəri axtarmaq üçün axtarışlara başlayıb. Həmin vaxtdan Petra tədricən regionun hüdudlarından kənarda da gözəl və sirli qədim şəhər kimi tanınmağa başlayıb. Bundan sonra buraya bu gün də davam edən turist axınının əsası qoyulub.

2007-ci ildə Petra qədim şəhəri dünyanın yeddi yeni möcüzəsindən biri elan edilib.

Obelisk sərdabası

Petranı xüsusi qaya rəngləri ilə boyanmış çəhrayı-qırmızı şəhər adlandırırlar. Bu qayalıqlardan bir çoxu digər şəhərlərin tikintisində istifadə olunub. Nabateylər öz ölülərini dağlarda oyulmuş daş sərdabalarda dəfn edirdilər.

Petraya aparan marşrutun əvvəlində siz üç böyük sala rast gələcəksiniz. Onlar qayada oyulmuş, həmçinin I əsrə aid Obelisk sərdabanın olduğu monolit abidələrdir. Sərdabanın üzərində dörd piramida və barelyef var. Ondan aşağıda isə, banket zalı kimi istifadə olunmuş triklinum mövcuddur. Qayalığın qarşı tərəfindən nabatey və yunan dillərində ikili yazı – Abdomanchos var. Bu yazılar məzar abidəsinə aiddir və qəbirin ailə üçün nəzərdə tutulduğu anlamına gəlir. Ehtimal olunur ki, abidə II Meliçusun hökmranlığı dövrünə aiddir.

Bənd

Nabateylər mükəmməl hidrotexniki qurğuların tikintisi üzrə də ustalaşıblar. Petradakı Vadi Musada qəfil daşqınlar zamanı suyun Vadi əl-Muhlimə və Vadi əl-Mataha axıdılması üçün bənd tikilib. Bu məqsədlə qayada 88 metr uzunluğunda tunel də çəkilib.

Dərə

Şəhərin içərilərinə doğru səyahətçilər 1200 metr uzunluğunda olan və dağın təbii parçalanması nəticəsində yaranmış dərəyə də rast gəlirlər. Onun qarşısında zəfər tağı var və hər iki tərəfdən ətrafı daşlarla bərkidilmiş iki su kanalı mövcuddur. Dərənin daş divarları çəhrayı rəngdə olan müxtəlif çalarlarla parlayır.

Al Hazna

Hansısa məqamda nəhayətsiz daş dəhliz sona çatır və sizin qarşınızda Petranın ən möhtəşəm və ecazkar fasadı – Al Hazna Xəzinəsi açılır. Korinf damcıları, bordürlər və digər detallarla nəfis şəkildə bəzənmiş tikilinin hündürlüyü təxminən 40 metrdir. Onun yuxarısında daş sərdaba da var. Bədəvilər uzun müddət belə hesab ediblər ki, həmin tabutun içərisində xəzinə var və onu tüfəngdən atəş açaraq parçalamağa çalışıblar.

Al Haznanın dəqiq təyinatı hələ də sirr olaraq qalır. Ehtimal edilir ki, eramızdan əvvəl I əsrdə tikilmiş fasad Nabatey çarlığının hökmdarlarının sərdabalarına giriş məqsədi daşıyıb.

Ecazkar İordaniya

Amfiteatr

Bu tikilinin böyük əhəmiyyətini nəzərə alaraq nabateylərin mədəni həyatı daha da fəallaşıb. Roma imperiyası dövründə tikilmiş amfiteatr dörd min tamaşaçını eyni zamanda yerləşdirməyə qadir olub. Bu, qayada tikilmiş dünyanın yeganə amfiteatrdır.

Teatrdakı yerlər bir-biri ilə keçidlə aralanan üç sıradan ibarətdir. Burada zala aparan yeddi pilləkən mövcuddur. Teatrın arxa divarı hələ Roma imperiyası dövründə bərpa edilib.

Bədəvilər

Bütün bunlar Petranın görməli yerlərinin tam siyahısı deyil: şəhərdə hər addımda sərdabalar, qayalarda oyulmuş fasadlar və şəhər atributlarının digər elementləri var.

Əlbəttə, arxitektura mühüm amildir. Lakin Petraya daha çox bəzək verən bədəvilərdir. Ötən əsrin 80-ci illərinin ortalarına qədər onlar tərk edilmiş şəhərdə yaşayıblar. Bu, Petranın 1985-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinə qədər olub. Bundan sonra bədəvilər həmin ərazidən ətrafdakı rayonda xüsusi salınmış qəsəbəyə yerləşdirilib, lakin turistlərə xidmət etməklə pul qazanmaq hüququ onlara verilib.

Etiraf etmək lazımdır ki, bədəvilər Petrada geniş fəaliyyət göstərirlər. Onlar burada turistlərin gəzintiyə çıxması üçün yüzlərlə at saxlayırlar. Atla gəzintinin dərəyə enmək üçün satılan biletin qiymətinə daxil olmasına baxmayaraq, bədəvilər həm də turistlərdən bəxşiş istəyirlər. Əlavə ödəniş etməklə, at arabasında və ya dəvənin üzərində də gəzintiyə çıxmaq olar.

Turizm marşrutu üzrə yolboyu Petrada suvenirlərin satıldığı çadırlar və dükanlar fəaliyyət göstərir. Bədəvilər turistlərdən təkidlə müxtəlif əşyalar – gümüş məmulatlarını, qablar, milli yaylıqlar, əl sənəti məhsulları və s. almağı xahiş edirlər. Ədalət naminə qeyd etmək lazımdır ki, Petra parkı ərazisində suvenirləri qiyməti onun hüdudlarından kənarda, məsələn, Aqabada olduğundan daha ucuzdur. Bu səbəbdən İordaniya suvenirlərini Petraya gələnədək almaq məsləhət görülmür.

Sözardı

Keçdiyimiz cığırlarda at nallarının, at arabaları təkərlərinin, satıcıların səsləri və turistlərin müxtəlif dillərdə danışıqları Babilistanda güruhu xatırladır. Hərdən adama elə gəlir ki, hansısa fantastik filmin çəkiliş meydançasında və ya böyük Şərq bazarındadır.

Lakin Petranın ecazkar mənzərələrinə baxmayaraq, biz buranı tərk edərək səyahətimizi davam etdirməliyik. “Flydubai” aviaşirkətinin dəstəyi ilə həyata keçirilən İordaniya səyahətimizin növbəti məntəqəsi Ölü dəniz oldu. Bu su hövzəsinin sahilləri dünyanın ən aşağı səviyyəli quru sahəsidir, onun suları isə planetimizin ən duzlu sularıdır. Bu zaman dəniz səviyyəsi təhlükəli dərəcədə – ildə təxminən 1 metr aşağı düşür. Bu səbəbdən turistlər buraya daha tez gəlməyə can atırlar.