“PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkovun Oxu.Az-a müsahibəsi:
– Bu günlərdə “MAKS-2019” Beynəlxalq Aviakosmik Sərgisi çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirildi. Rəcəb Tayyib Ərdoğan görüşdə qarşılıqlı əmtəə dövriyyəsinin həcminin 25-dən 100 milyard dollaradək artırılması planının olduğunu bildirib. Dördqat artım nəyin hesabına mümkündür?
– Rusiyanın müasir silahlarının Türkiyəyə tədarükünə dair müqavilələr bəyan edilmiş məbləğin müəyyən hissəsini təşkil edə bilər. Söhbət Türkiyə rəhbərliyini maraqlandıran beşinci nəsil ən yeni “Su-57” qırıcılarından gedir.
“Su-57” ABŞ-ın Türkiyəyə tədarükünə qadağa qoya biləcəyi “F-35B” qırıcılarına alternativ kimi nəzərdən keçirilir. ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərini aldığına və “Türk axını” qaz layihəsində iştirakına görə Rəcəb Tayyib Ərdoğanı bu yolla “cəzalandırmaq” istəyir. “Türk axını” layihəsi “Şimal axını-2” kimi olmasa da, ABŞ-dan Avropaya sıxılmış təbii qazın tədarükünə ciddi rəqabət yaradır.
Rusiya-Türkiyə arasında əmtəə dövriyyəsi, əsasən, ənənəvi sahələrdə əməkdaşlığın genişləndirilməsi hesabına artacaq. Türkiyənin ixracında, hər şeydən əvvəl, aqrar sənaye kompleksi və yüngül sənaye məhsulları yer tutacaq. Rusiya isə təbii qaz (“Türk axını” istismara verildikdən sonra) və neft tədarükünün miqdarını artıra bilər. “Rosatom”un “Akkuyu” AES-in tikintisi və xidmət göstərilməsi üzrə müqavilələrini də unutmaq olmaz.
Hazırda Türkiyə Rusiyadan dənli bitkilərin və gübrələrin, metallurgiya və neft-kimya məhsullarının idxalını artırır. Turizm sənayesi ayrıca yer tutur.
– Türkiyə və Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinin Azərbaycan üçün hansı faydaları ola bilər?
– Ankara və Moskva Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində daha çox iştirak etməyə maraq göstərirlər. Bu, ilk növbədə, neft-qaz sahəsidir. Neft-kimya sektorunda da ciddi layihələr mövcuddur.
Azərbaycan hakimiyyəti bir tərəfdən milli biznesi bu istiqaməti daha fəal inkişaf etdirməyə stimullaşdırır, digər tərəfdən isə xarici sərmayələrin cəlb edilməsi üzrə ciddi iş aparır. Azərbaycanın iki nüfuzlu qonşusu bu məsələdə əhəmiyyətli dərəcədə maraq göstərir.
Hazırda Rusiya-Türkiyə münasibətləri yüksəliş dövrünü yaşayır. Məhz Azərbaycan üçün ən böyük əlverişli şərait yaranıb və o, Rusiyanın ucsuz-bucaqsız bazarına daxil ola bilər. Və bu, Türkiyə məhsullarına ciddi kvotanın qoyulduğu dövrdə baş verir.
Bakı Minsk kimi Moskvanın etimadından sui-istifadə etmir.
– Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə münasibətlərin yenidən qurulmasının vacibliyinə və dünyada Qərb hegemonluğunun başa çatmasına dair bəyanatına münasibətiniz necədir?
– Paris və Berlinin Avropa İttifaqına və onun ayrı-ayrı üzvlərinə əvvəlki suverenliyi qaytarmaq və ABŞ-ın boğucu “dost” qucağından çıxarmaq cəhdləri barədə son beş ildə tez-tez eşidirik. Lakin bu yaxınlaradək sözügedən istiqamətdə heç bir sıçrayış müşahidə edilməyib. Trampın ABŞ-ı təcrid etmək siyasətinin getdikcə daha aydın göründüyü bir dövrdə Avropanın bu istəyi qismən alına bilər.
Lakin Vaşinqtonun qucağından çıxan Avropa dərhal Pekinin tələsinə düşəcək. Bu tələ “Yeni İpək Yolu” adı ilə artıq qurulub. Rusiya bir ayağı ilə həmin tələyə düşüb, lakin vaxtında ayılıb və səy göstərir ki, ikinci ayağını ora salmasın. Bununla belə, Rusiya birinci ayağını tələdən çıxarmır, çünki Çin Avrasiyanın dominantına çevrilir.