Ev Turizm Xəbərləri ETSN rəsmisi: “Ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi...

ETSN rəsmisi: “Ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər”

Ov

“Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən etibarən açıq elan edilib. Lakin ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir: “Biz kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl emədiklərini nəzərə alaraq il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk“.

İ.İbrahimova qeyd edib ki, qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir: “Məqsəd ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir“.

Qeyd edək ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən, ilk növbədə, onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir. Bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir. Bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar. Ov qaydalarına ciddi əməl etməli, icazə olmayan yerlərdə – sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır.