Gəncə

Gəncə şəhərində “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W” layihəsinin təlimlərinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

Agentliyin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Gəncədə təşkil edilən təlimin ilk gününün aktiv və səmərəli keçdiyini vurğulayıb. O bildirib ki, təlimdə 200-ə yaxın qadın iştirak edib: “Gəncə tarix boyunca Azərbaycanın fəal şəhərlərindən olub. Bu, heç dəyişməyib. Bu şəhərdə daim qadınlar da, kişilərlə birgə çalışıb, səy göstərib, daha yaxşı Azərbaycan uğrunda yaşayıblar. Bu gün də təlimlərdə iştirak edən qadınların hər biri əzmkarlığı, istəyi və səyi ilə yadda qaldı. Təlimlərimiz hələ bir neçə gün davam edəcək. İnanıram ki, təlimin sonunda Gəncədə yaşayan qadınların sahibkarlıq fəaliyyəti üçün layihələri hazır olacaq və yaxın aylarda onların reallaşmasını görəcəyik”.

Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan da Gəncə təliminin ilk günündən bol təəssüratla ayrıldığını və buradakı qadınların gələcəkdə çox yaxşı işlər görəcəyinə inandığını bildirib: “Bu təlimdə mən anladım ki, Azərbaycanın harasına getsək, belə çalışqan və həvəsli qadınlarla qarşılaşacağıq. Onlar sahibkar olmaqdan çəkinmir, qarşılaşacaqları istənilən çətinliyi aşmağa hazırdırlar. Proqramda nəzərdə tutulan kimi bu gün ideyaları dinlədik. İçlərində yararlı, hətta bizi təəccübləndirən fikirlər vardı. Hər biri üzərində yaxın günlərdə çalışacağıq”.

Layihə Gəncə ilə yanaşı, Quba, Mingəçevir, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonalarını da əhatə edir.

2017-ci ildən etibarən “ASAN Könüllüləri” və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın, uğurlu gələcək” layihəsini icra edib. Layihə çərçivəsində həmin bölgələrdə yaşayan 312 qadın və qızlar turizm sahibkarlığı mövzusunda təlimlərə qoşulublar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin