Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov CAMNES elmi tədqiqat mərkəzi və İtaliyanın Kataniya Universitetinin professoru Nikola Laneri qəbul edib. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, görüşdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəhbəri Bəxtiyar Cəlilovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin AMEA-nın Gəncə bölməsinin sədri, professor Fuad Əliyev və ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak ediblər.

N.Laner Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada açıq havada kurqanlardan ibarət arxeoloji parkın yaradılması üçün əlverişli şərait olduğunu bildirib. O, unikal arxeoparkın yaradılmasının yerli əhali ilə bərabər turistlərin də diqqətini çəkə biləcəyini söyləyib.

Gəncə

N.Bayramov Gəncənin qədim tarixə malik olduğunu qonaqların diqqətinə çatdırıb. O qeyd edib ki, bu cür arxeoparkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq. Həmçinin Gəncə və ətraf bölgələrə turizm axınına da təkan verəcək. Şəhər rəhbəri bu işdə Gəncə Şəhər İcra Hakimiyyəti olaraq öz dəstəyini əsirgəməyəcəyini bildirib və alimlərə müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərlə “Erasmus” layihəsi çərçivəsində şərabçılığın və turizmin təbliğatı ilə bağlı elmi mübadilə məsələləri də müzakirə edilib.

Sonda açıq səma altında arxeoloji muzeyin şüşə örtüklə sərgisinin yaradılması barədə razılıq əldə olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin