Göygöl Milli Parkında “Fərqli tur, fərqli yanaşma” şüarı altında məcara turu təşkil olunub.
“Kap.az” Fərqli Turizm Klubu və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun dəstəyi ilə keçirilən təbiət yarışmasına 50-dək iştirakçı qoşulub.

APA-nın məlumatına görə, Göygöl Milli Parkının direktoru Xaliq İsgəndərov jurnalistlərə bildirib ki, məcara turuna qoşulan iştirakçılar 7 km məsafəni qət edərək milli parkın füsunkar təbiəti, dağ yolları, meşəsi və ekoturizm marşrutları ilə tanış olublar.
“Tur zamanı ekstremal “offroad”, oxatma, müxtəlif xalq oyunları kimi müsabiqələr keçirilib. Qaliblər mükafatlandırılıb: “Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd milli parklarda ekoloji turizmin təbliğinə nail olmaqdır. İnsanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, eyni zamanda milli parklara turistlərin marağını artırmaqdır”.
