PAYLAŞ
Mehriban Əliyeva

Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır.

Axar.az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva X Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı bildirib.

“Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Hörmətli xanımlar və cənablar, Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət telləri bağlayır. Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsi, onların birgə səyləri sayəsində bu gün bizim əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri kəsb edib. Dövlət başçılarının sıx dostluq münasibətləri, qarşılıqlı səfərləri, müntəzəm görüşləri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafına xüsusi dinamika verir. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında çoxcəhətli tərəfdaşlıq praktiki olaraq bütün sahələri əhatə edir. Möhkəm ikitərəfli müqavilə-hüquqi baza yaradılıb, 200-dən çox sənəd imzalanıb. Hökumətlərarası və parlamentlərarası işçi qruplar münasibətin inkişafına sanballı töhfə verir.

Ticari əlaqələr bizim əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiya Federasiyasında açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıların müxtəlif regionlara ixrac missiyaları təşkil edilir”, – M.Əliyeva qeyd edib.