Ev Turizm Xəbərləri İsrafil Aşurlu: Əminəm, dağlarda qazandığım uğurlar gənc alpinistləri daha böyük nailiyyətlərə həvəsləndirəcək

İsrafil Aşurlu: Əminəm, dağlarda qazandığım uğurlar gənc alpinistləri daha böyük nailiyyətlərə həvəsləndirəcək

Gənc alpinist

Beynəlxalq Alpinizm Federasiyanın (UIAA) gənclər komissiyanın prezidenti, UIAA-nın buzadırmanma komissiyanın baş katibi, Avrasiya Alpinizm və Qayayadırmanma Assosiasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim, İdman ustası İsrafil Aşurlu Azərbaycanda alpinizm sahəsində əldə olunan nailiyyətlər və gələcək planlar barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

– İsrafil müəllim, Azərbaycanda alpinizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?

– Azərbaycan Turizm Bürosu həm əcnəbi turistlərin, həm də yerli vətəndaşların fəallığının və bütünlükdə Azərbaycan üzrə səyahətlərin inkişafı üçün mühüm tədbirlər görür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Qoruğunu açıq elan edib. Dağa qalxmaq istəyənlər asanlıqla arzularına çata bilərlər. Təbii ki, bunun üçün müvafiq biliklərin və həmin bilikləri bu və ya digər situasiyada tətbiq etmək qabiliyyətinin olması vacibdir. Bu idman növü üzrə planlarını və iddialarını gerçəkləşdirmək istəyənlərin təcrübə qazanmasında isə heç bir məhdudiyyət yoxdur.

– Qarşıda duran hədəflər hansılardır və bu istiqamətdə nə kimi işlər görülür?

– Təhlükəsiz bir şəkildə dağları fəth etmək, vətəni və onun təbiətini qorumaq, ölkəmizin bayrağını həm sözün hərfi, həm də məcazi mənasında ən yüksək zirvələrə qaldırmaqla alpinist adını şərəflə qorumaq. Məgər, bu, gözəl deyilmi? Məgər, bu məqsədlər öz dəyərini itirə bilərmi? Bundan başqa, şəxsiyyəti düzgün formalaşdırmaq və gənc nəslə doğru istiqamət vermək üçün xeyli gözəl ədəbiyyat var. Təəssüf ki, həmin kitabların böyük əksəriyyəti Azərbaycan dilinə tərcümə olunmayıb və bizim uşaqlar rus və ingilis dillərində oxumalı olurlar.

– Sonuncu fəth etdiyiniz zirvə hansıdır?

– Oktyabrın 27-də dünyanın ən füsunkar zirvəsi olan Ama Dablama qalxdım. İş elə gətirib ki, bu ilin yanvarından etibarən hər ay dağlara qalxıram. Türkiyəyə getdim, orada buz bağlamış şəlalələrə qalxdım, bundan sonra dörd dəfə Şimali Qafqazda, bir dəfə Mərkəzi Asiyada və üç dəfə Himalayda oldum. Ümumilikdə 16 uğurlu fəthim oldu, onlardan ikisi 8 min metrdən hündür olan zirvələrlə – Lxotze (8516 m) və Manasludur (8163 m). İlk dəfədir ki, bir il ərzində bu qədər çox zirvəyə qalxmışam. Onu da qeyd edim ki, sonuncu dəfə 8 min metrdən hündür zirvəni 2011-ci ildə fəth etmişəm.

– Ən çox fəth etmək istədiyiniz, ancaq hələ də alınmayan zirvə hansıdır?

– Arzusunda olduğum elə bir xüsusi zirvə yoxdur. Hansısa zirvəyə qalxıramsa, deməli, bunu həqiqətən də istəyirəm və bunun üçün hazırlıq görürəm. Burada marşrutun mürəkkəbliyi və hündürlüyü vacib deyil. İstənilən dağa qalxmaq üçün diqqətini cəmləməli və müəyyən cəhdlər göstərməlisən. Mənim şəxsi siyahımda hələ fəth etmək istədiyim çox zirvə var. Alınacaq, ya yox, bunu zaman göstərəcək.

– Alpinizmin kütləviləşməsi istiqamətində hansı işlər görülür?

– Mən yalnız özümün gördüyüm işlər barədə danışa bilərəm. Çünki nə etdiyimi və nə üçün etdiyimi bilirəm. Dağlarda mən təcrübə toplayıram və onu bölüşürəm. Daim öz üzərimdə işləməklə səviyyəmi artırıram. Bunu ona görə edirəm ki, idmançı kimi qarşıma yeni, daha mürəkkəb məqsədlər qoya bilim. Amma əlbəttə ki, müəllim kimi yeni başlayan alpinistlərlə biliklərimi və dağlarda yaşadıqlarımı, keçdiyim təcrübəni bölüşməyə çalışıram. Düşünürəm ki, dağlarda qazandığım uğurlar yeni alpinistlərin daha böyük qələbələr qazanmasına stimul verəcək, uğursuzluqlarım isə onların bu səhvlərdən yan keçmələrinə və həyatlarını qorumalarına yardım edəcək.