Ev Turizm Xəbərləri İndoneziyanın Bali adası ilin sonunadək xarici turistlər üçün bağlı qalacaq

İndoneziyanın Bali adası ilin sonunadək xarici turistlər üçün bağlı qalacaq

Bali adası

İndoneziyanın Bali adası koronavirus pandemiyası fonunda 2020-ci ilin sonunadək xarici turistləri qəbul etməyəcək.

AZƏRTAC “Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə Bali adasının qubernatoru Vayan Koster məlumat yayıb.

Bir müddət öncə yerli KİV-lərdə Bali adasının sentyabrın 11-də xarici turistlər üçün açılacağı barədə məlumatlar dərc olunmuşdu.

“İndoneziya hökuməti 2020-ci ilin sonlarına qədər əhalinin xaricə səfərlərini əvvəlki kimi qadağan edir. Bu siyasətə uyğun olaraq cari ilin sonlarına qədər qapımızı xarici turistlər üçün aça bilmərik. İndoneziyada, o cümlədən Bali adasında epidemioloji vəziyyət yetəri qədər təhlükəsiz deyil”, – deyə Bali adasının qubernatoru Vayan Koster bildirib.

“Biz ehtiyatlı olmalı və tələsməməliyik. Bali adası turizm sektorunu bərpa edərkən uğursuzluğa düçar olmamalıdır. Çünki bu, ölkənin nüfuzuna mənfi təsir edə bilər”, – deyə məmur sözlərinə əlavə edib.

Vayan Koster hazırda əsas diqqətin adaya yerli turistlərin cəlb edilməsinə yönəldildiyini deyib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Bali adası iqtisadi sahədə ciddi zərərlə üzləşib. Burada turizm sektorunda çalışan ən az 2667 nəfər işsiz qalıb, 73 mindən çox ada sakini isə ödənişsiz məzuniyyət götürməyə məcbur olub.

Qeyd edək ki, mart ayında Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, dünyada 23 milyon 611 min 896 yoluxma və 812 min 982 ölüm faktı qeydə alınıb, 16 milyon 102 min 873 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

İndoneziyada indiyə qədər 155 min 412 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 6 min 759 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.