Ev Turizm Xəbərləri İran mətbuatı: Bakı müxtəlif ölkələrdən çox sayda turistin üz tutduğu əsl turistik...

İran mətbuatı: Bakı müxtəlif ölkələrdən çox sayda turistin üz tutduğu əsl turistik şəhərdir

İran portalı

Bakı müxtəlif ölkələrdən çox sayda turistin üz tutduğu əsl turistik şəhərdir. Bu mənada, onun alış-veriş mərkəzlərilə tanışlıq hər bir turist üçün əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İranın nüfuzlu İSNA xəbər agentliyinin saytında dərc olunub. Qeyd olunub ki, Bakıda saysız-hesabsız ticarət mərkəzi fəaliyyət göstərir. Onların əksəriyyətində məşhur markalara rast gəlmək mümkündür.

Nizami küçəsi

Əslində alış-veriş səyahətin ən cazibədar hissələrindən biridir. Bakıya səyahət zamanı suvenir almaq eşqinə düşsəniz, Nizami küçəsi ən uyğun yerdir. Odur ki, bu küçəni gəzməyi unutmayın. Çoxsaylı alış-veriş mərkəzlərinin, brend mağazalarının yer aldığı bu küçə həm də paytaxtın ən gözəl küçələrindəndir. Onun adı Nyu-Yorkun, Parisin dəbdəbəli küçələrilə yanaşı çəkilir. Bəzən ona “Bakının Şanzelize prospekti” belə, deyilir.

“Sədərək” Ticarət Mərkəzi

Bakıdakı “Sədərək” Ticarət Kompleksi iranlı turistlər üçün ən uyğun ticarət mərkəzlərindən biri hesab olunur. Burada satılan məhsulların demək olar ki, hamısı xaricdən gətirilir. Lakin “Sədərək”də qiymətlər daha sərfəlidir. Bura pərakəndə satışla yanaşı, həm də ən böyük topdansatış mərkəzlərindəndir.

Beləliklə, keyfiyyətli xarici mal axtaran səyahətçi üçün “Sədərək” Ticarət Mərkəzi yaxşı seçim ola bilər.

“AF Center”

Bakının ən gözəl alış-veriş mərkəzlərindən biri 28 May küçəsində yerləşən “AF Center Baku” ticarət mərkəzidir. Mərkəz metro stansiyasının yaxınlığında yerləşdiyindən, oraya getmək çox asandır. Şəhərin istənilən nöqtəsindən bu mərkəzə rahatlıqla çata bilərsiniz.

Ticarət mərkəzinin sahəsi 16 min kvadrat metrdir. Burada dünyaca məşhur markalara aid məhsullara rast gəlinir. Zövqlü insanlar üçün bu mərkəz ideal alış-veriş məkanıdır.

“Aygün City”

“Aygün City” alış-veriş mərkəzi də münasib qiymətlərilə tanınır. Əgər istəyiniz məhz münasib qiymətlərdirsə, bura ən optimal seçimlərdəndir. Onun fərqli cəhətlərindən biri isə gecə saat 01:00-dək işləməsidir. Burada əyləncə məkanları da fəaliyyət göstərir.