Ev Turizm Xəbərləri İsrailin Doqquzuncu televiziya kanalı Azərbaycanda keçirilən parlament seçkilərinə dair süjet yayıb

İsrailin Doqquzuncu televiziya kanalı Azərbaycanda keçirilən parlament seçkilərinə dair süjet yayıb

televiziya kanalı

“Biz Azərbaycanın paytaxtı Bakıdayıq. Seçkilər təkcə İsraildə deyil, həm də Azərbaycandadır. Dünyanın 38 ölkəsindən, o cümlədən İsraildən olan 850 beynəlxalq müşahidəçi Azərbaycan parlamentinə növbədənkənar seçkiləri izləmək üçün buradadır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri İsrailin Doqquzuncu televiziya kanalının “Gün” informasiya-analitik proqramının birbaşa efirindəki “Azərbaycanda parlament seçkiləri” adlı süjetdə növbədənkənar parlament seçkiləri ilə bağlı Bakıda səfərdə olan proqramın aparıcısı və redaktoru Boris Belodubrovski deyib.

“Məsələ ondadır ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası seçkiləri iki səbəbə görə elan edib. Bunlardan biri sosial-iqtisadi, ikinci səbəb isə parlamentin cavanlaşdırılmasıdır, yəni gənc və perspektivli siyasətçilərə yol verməyin əsl zamanıdır. Azərbaycanda seçkilərdə təqribən 20 partiya iştirak edir və İsraildəki seçkilərdə də təxminən 20 partiya mübarizə aparır. Bizdə 125 parlamentari 4 il müddətinə, Azərbaycanda isə 125 parlament üzvü 5 il müddətinə seçilir. Bunlar bizim ölkələri və xalqları birləşdirən amillərdir”, – deyə Boris Belodubrovski qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail televiziyasına müsahibəsində deyib: “Prezident İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildiyi zaman onun siyasətinin başlıca istiqamətlərindən biri əsaslı islahatların keçirilməsi oldu. Biz bunu kadr islahatlarının həyata keçirildiyi icra hakimiyyətlərində, Nazirlər Kabinetində və Prezident Administrasiyasında hiss edirik. Növbədənkənar parlament seçkiləri də islahatlar prosesinin bir hissəsidir. Biz Azərbaycan cəmiyyətində ruh yüksəkliyi, enerji və müsbət meyillər hiss edirik, bu islahatlar prosesində xeyli sayda namizədlər, xüsusən gənclər iştirak edir”.

Azərbaycan-İsrail strateji əməkdaşlığının perspektivlərindən danışan Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan və yəhudi xalqları arasında qarşılıqlı anlaşma, tolerantlıq və etimada əsaslanan ənənəvi dostluq telləri mövcuddur. “Azərbaycan ilə İsrail arasında dost və pozitiv münasibətlər bu müsbət meyillər əsasında mövcuddur. Bu münasibətləri strateji əməkdaşlıq kimi səciyyələndirmək olar. Azərbaycan və İsrail hər sahədə bir-birini dəstəkləyir. Siyasət, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahə, hərbi-texniki əməkdaşlıq məsələləri ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərdir. İsrail azərbaycanlılar üçün əsas turizm, o cümlədən tibbi turizm istiqamətlərindən biridir. Eyni zamanda, bizim ölkəmizin İsrail turisti üçün əsas istiqamətlərdən biri olması və turist axınında artım müşahidə edilməsi bizi sevindirir.

Azərbaycan həmişə özünün xarici siyasətinin inklüzivliyi və xarici siyasət oriyentirlərinin ikitərəfliliyindən çıxış edir. Azərbaycan öz müstəqil xarici siyasətini həyata keçirir və bizim xarici siyasət konsepsiyamızda İsrail Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir. Azərbaycan-İsrail tərəfdaşlığı həm İsrail xalqının, həm də Azərbaycan xalqının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlıqdır”, – deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib.

“Yəhudilərə hörmətlə yanaşan, dostluğa dəyər verən İsrail üçün dost ölkə olan Azərbaycan İsraildə səfirliyinin olmamasına baxmayaraq, israilli turistləri qəbul edir, İsraillə turizm, enerji, siyasət və digər sahələrdə sıx əlaqələr qurmaqda davam edir. Tamamilə aydındır ki, Azərbaycan İsrail Dövlətinin strateji tərəfdaşıdır”, – deyə sonda İsrailin Doqquzuncu televiziya kanalının “Gün” informasiya-analitik proqramının birbaşa efirində aparıcı və redaktor Boris Belodubrovski bildirib.