Ev Turizm Xəbərləri İstanbulu Avropadan tam ayıran böyük gəmi kanalı…

İstanbulu Avropadan tam ayıran böyük gəmi kanalı…

körpü

Türkiyə tərəfi Bosfor boğazına alternativ olacaq “İstanbul” kanalının tikintisi üzərində iş aparır. Bu barədə məlumatı Türkiyənin Prezidenti Ərdoğan verib. Prezident deyib ki, yeni layihənin Türkiyənin iqtisadiyyatına və inkişafına böyük təsiri olacaq: “Təsəvvür edin ki, hazırda Türkiyə boğazlardan keçən gəmilərə görə gəlir əldə etmir. Ancaq yeni kanal tikiləndən sonra vəziyyət tamamilə fərqli olacaq”.

Statistik məlumatlarda bildirilir ki, 2019-cü ilin üçüncü kvartalına görə, Dardanel boğazından 32 min 414 gəmi keçib ki, onlardan da 10 min 98-i yük gəmilərinin payına düşür. Eynilə Bosfor boğazından da bu sayda gəmilərin keçdiyi bildirilir. Xatıraladaq ki, kanalın uzunluğu 45 kilometr, eni isə 600 metr olacaq. Dərinliyi 25 metr olacaq kanalın buraxma gücü sutka ərzində 150-160 gəmi həcmindədir. Bu layihə, həmçinin, Bosfor boğazında yaranan sıxlığı da aradan qaldıracaq. Qara dənizlə Mərmərə dənizini birləşdirəcək layihə həm də İstanbulun Avropa hissəsini tam ayırmaqla bir adaya çevirəcək. Yeni kanalın sahilində yeni yaşayış komplekslərinin tikintisi planlaşdırılır. Hətta yeni limanın da tikintisi gözlənir. Kanalın tikintisi 5 il çəkəcək, minimal istismar müddəti isə 100 il olacaq.

Qeyd edək ki, bu layihə Türkiyənin tarixində ən böyük proje sayılır. Bununla Türkiyə həddən-ziyadə yüklənmiş Bosfor boğazına alternativ olaraq, Qara dənizi və Mərmərə dənizini süni su yolu ilə birləşdirmək niyyətindədir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan vəd edib ki, bu əsrin ən iri layihələrindən biri olacaq İstanbul kanalı Panama və Süveyş kanallarını kölgədə qoyacaq.

İstanbulun Avropa hissəsindən çəkiləcək kanal boyunca avtomobillərin hərəkəti üçün körpülər, kanalın sahilində yaşayış binaları, işgüzar zonalar salınacaq, habelə İstanbul üçün sayca üçüncü olan yeni hava limanı inşa ediləcək.

Türkiyədəki son seçkilərdən sonra start götürən bu layihənin eyni zamanda ekoloji fəlakətin qarşısını alacağı da bildirilir. Hazırda bu dar boğazla ildə 140 milyon tonadək neft daşınır.

Bu yaxınlarda İstanbulun hər iki tərəfində 2 yeni qəsəbənin tikintisi planı açıqlanıb. Bundan əlavə, yayda Bosfor körfəzi üzərindən üçüncü körpünün inşası üçün tender keçiriləcək. Yeri gəlmişkən, Türkiyə-Yaponiya konsorsiumu boğazın dibi ilə dəmir yol tunelinin inşasına başlayıb.

Qeyd edək ki, hazırda Bosfor boğazı qələbəliyinə görə dünyada dördüncü su magistralı sayılır. Lakin sahili girintili-çıxıntılı, axını aldadıcı olduğu üçün, burada düzgün istiqamət götürmək çətindir. Türkiyə çoxdan xəbərdarlıq edir ki, neftdaşıyan tankerlərin ölçülərinin artması ilə əlaqədar dəniz daşımalarının artması gec partlayan bombadır. Odur ki, bu ölkə neft kəmərlərinin öz ərazisindən çəkilməsinə üstünlük verir.

Sahillərində dəbdəbəli villalar, restoranlar ucaldılmış, turistlər üçün cəlbedici yerlərlə zəngin Bosfor boğazında 1979 və 1994-cü illərdə tankerlərin qəzaya uğraması nəticəsində müvafiq olaraq 41 və 28 adam həlak olub. Bütün bu faktlar sübut edir ki, yeni kanalın tikintisi həm də böyük zərurətdən irəli gəlib. Bu meqalayihənin Türkiyənin iqtisadiyyatına, ekologiyasına, turizm potensialına, hətta təhlükəsizliyinə də böyük faydası olacaq.