Ev Turizm Xəbərləri Rusiya-Azərbaycan: mədəni əlaqələr üçün əlverişli zəmin var

Rusiya-Azərbaycan: mədəni əlaqələr üçün əlverişli zəmin var

Nataliya Krasovskaya

Qarşılıqlı mədəni əlaqələr ölkələrin münasibətlərində iqtisadi və siyasi əməkdaşlıqla müqayisədə heç də az rol oynamır. Buna görə də Rusiya və Azərbaycanın humanitar əlaqələri üçün ümumi sivil məkanın genişlənməsi və dərinləşməsi xüsusilə səciyyəvidir.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya AZƏRTAC-ın müxbiri ilə söhbətində başa çatmaqda olan ilə mədəni baxımdan yekun vurur.

-Nataliya Rudolfovna, Rusiya-Azərbaycan mədəni əlaqələri sahəsində hansı hadisə şəxsən sizin üçün xüsusilə əhəmiyyətli olub?

-Bu ilin əvvəlində Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və bizim Rusiya-Azərbaycan Dostluq Mərkəzinin təşəbbüsü ilə Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqun əsası kimi” mövzusunda dəyirmi masa keçirilib. Rusiya və Azərbaycan mədəniyyətlərinin Moskvada toplaşmış ən yaxşı nümayəndələri qarşılıqlı humanitar əlaqələr üçün vahid normativ-hüquqi baza yaradılmasının zəruriliyindən, mədəniyyət sahəsində dövlətlərarası strategiyanın vacibliyindən, müştərək layihələrə ehtiyac olmasından danışdılar. Çünki zaman özü mədəniyyətlərarası dialoqa yeni yanaşmalar tələb edir. Mahiyyət etibarilə bu müzakirə il ərzində ən müxtəlif səviyyələrdə çoxsaylı Rusiya-Azərbaycan tədbirləri “mövsümü”nün açılışı oldu. Bütövlükdə builki hadisələrdən danışmalı olsaq, heç şübhəsiz, əsas tədbirlərdən biri Azərbaycanda Rusiya Mədəniyyəti Günləri oldu. Yeri gəlmişkən, 2020-ci ildə Rusiyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Yaradıcılıq nailiyyətlərinin bu cür mübadiləsi, sözsüz ki, hər iki tərəfi zənginləşdirir.

-Sizin mərkəz müxtəlif konsert və sərgilərin keçirilməsinə, eləcə də həmin tədbirlərin KİV-lərdə işıqlandırılmasına xeyli vaxt və qüvvə sərf edir. Lakin bu ilin ən əlamətdar trendlərindən biri milli mədəniyyətlər festivalları olub. Sizin fikrinizcə, bu festivalların populyarlığının artması nə ilə bağlıdır?

-Xalq diplomatiyasının bir vəzifəsi də müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma və etimad mühiti yaratmaqdan ibarətdir. Bunun üçün ən yaxşı vasitə isə başqa mədəniyyətin müxtəlif forma və üslubları ilə təmasda olmaqdır. Məsələn, sentyabr ayında keçirilmiş “Nar” Azərbaycan mədəniyyəti festivalına gələn hər kəs bu meyvə ilə bağlı xalq rəvayətləri və ənənələrlə tanış olmaq, üstəlik, nardan istifadə edilməklə yemək hazırlamaq imkanı əldə etmişdi. Başqa bir məkanda azərbaycanlı sənətkarlar mis əşyalar və dulusçuluq məmulatları yaradırlar. Milli mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim edilir. Beləliklə, festivalın iştirakçısı bütün duyğu orqanlarını işə salaraq həm özü üçün çoxlu yeniliklər öyrənir, həm də başqa mədəniyyətdə iştirak etmiş olur, bu isə çox vacibdir. Ona görə festivallar formatı çox maraqlı və cəlbedicidir.

-Bu yaxınlarda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidənqurma işlərindən sonra açılmış “Azərbaycan” Milli pavilyonu bu ölkənin mədəniyyətini öyrənməyə nə dərəcədə imkan verəcək?

-Yenilənmiş pavilyonu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva açdı. Bu fakt respublika rəhbərliyi tərəfindən həmin obyektə verilən əhəmiyyətə dəlalət edir. Orada bütün bərpa işləri Heydər Əliyev Fondunun rəhbərliyi ilə həyata keçirilib. Pavilyonda daimi fəaliyyətdə olan sərgi meydançası, muzey ekspozisiyası, qiraət zalı və çayxana-kafesi olan kitabxana var. Pavilyona gələn hər kəs eyni bir məkanda Azərbaycanın tarixi, onun mədəniyyəti və hətta mətbəxi ilə də tanış ola bilər. Bundan əlavə, Azərbaycandan olan ustaların zəhmət çəkib yaratdığı naxışlar və heykəllər milli pavilyona autentiklik verir. Əslində bu pavilyon özü Azərbaycan mədəniyyətinin Rusiya torpağına köçürülmüş bir abidəsidir.

– Rusiyaya birinci səfəri zamanı Mehriban Əliyeva dövlətin birinci şəxsləri ilə görüşüb və mühüm müzakirə mövzularından biri gənclər forumları olub. Sizin fikrinizcə, bu cür tədbirlər mədəni mübadiləyə nə verir?

-Bizim mehriban qonşuluq münasibətlərində mövcud olan yaxşı cəhətləri qoruyub saxlamaq və çoxaltmaq üçün varislik təmin edilməlidir. Yeni gənc nəsillər yaşlı həyata qədəm qoyurlar və ölkələrimizin ümumi gələcəyi həmin nəsillər arasında dostluğun nə dərəcədə möhkəm olacağından asılıdır. Yaxın vaxtlara qədər Rusiya və Azərbaycan Gənclər forumu birdəfəlik tədbir kimi keçirilirdi, lakin indi onlar müntəzəm keçiriləcək. Forumlar çərçivəsində gənclər yeni dostlar, tanışlar qazanır, işləri uğurla gedən şəxslərin təcrübəsini öyrənir, özlərinin sosial və innovasiya layihələrini təqdim edirlər. Ortaq tarixi yaddaşın, multikulturalizmin və təhsilin qorunub saxlanması mövzusunda diskussiyalar xüsusi maraq doğurur. Bu cür şəxsiyyətlərarası ünsiyyət sayəsində möhkəm humanitar əlaqələr yaranır.

-Turistlər mübadiləsi qarşılıqlı mədəni əlaqələrin mühüm amilidir. Bu gün turizm sahəsində yaranmış vəziyyəti Siz necə qiymətləndirərdiniz?

-Rusiya və Azərbaycan arasında qarşılıqlı turist axını ilbəil artır. Bu, ölkələrimizin bir-birinə marağının artmasına dəlalət edir. Məsələn, keçən il Rusiyadan Azərbaycana 880 min turist səfər edib, bu isə müvafiq göstəricinin 1 milyondan yuxarı olacağı gözlənilir. Turistləri Rusiyaya gələn ölkələr arasında Azərbaycandan olan turistlər dördüncü yeri tuturlar. Cari ilin 9 ayı ərzində bizə 700 min azərbaycanlı səyahətçi gəlib. Bizim həmvətənlərimiz üçün Azərbaycana səfər bu ölkənin görməli yerləri ilə daha yaxından tanış olmaq, milli mətbəx nümunələrinin dadına baxmaq, Azərbaycanda tez-tez keçirilən dünyamiqyaslı tədbirlərdə iştirak etmək imkanı deməkdir. Şəxsi təhlükəsizlik hissi və azərbaycanlılarla ünsiyyətdə dil maneəsinin olmaması da böyük əhəmiyyət kəsb edir. Bu amillər həm milli mədəniyyətin öyrənilməsinə, həm də möhkəm dostluq münasibətlərinin inkişafına kömək edir.

-Məlumdur ki, Azərbaycanda rus dilinə xüsusi münasibət formalaşıb. Siz bu faktı humanitar mübadilə baxımından necə şərh edərdiniz?

-Rus dili xalqlarımız arasında qarşılıqlı anlaşma üçün bir növ açar olub. Bu üstünlükdən istifadə etmək lazımdır, çünki “humanitar” sözü ilk növbədə məhz şəxsiyyətlərarası ünsiyyət deməkdir. Azərbaycandakı rusdilli məktəblərin sayı barədə çoxlu statistik məlumatlar söyləmək, yaxud Rusiya ali məktəblərinin Azərbaycanda fəaliyyət göstərən filialları, Bakıda keçirilən beynəlxalq humanitar forum, azərbaycanlılar üçün səciyyəvi olan çoxəsrlik multikultiralizm ənənələri barədə çox danışmaq olar, lakin ən vacibi budur ki, xalqlarımız sıx mənəvi birlik hiss edirlər. Bu, humanitar sahədə ölkələrimizin əsas nailiyyətidir. Onu durmadan təkmilləşdirmək lazımdır, çünki hər hansı iqtisadi və siyasi niyyətlər yalnız sevgi ilə, xoş niyyətlə, xalq diplomatiyasının ən yaxşı ənənələri əsasında səmərə verə bilər.