Rusiyalı terapevt: “Əgər immun sisteminiz yaxşı işləyirsə, ən azı 10000 dəfə asimptomatik olaraq infeksiyaya yoluxa bilərsiz.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, əksər ölkələrdə beynəlxalq hava əlaqəsi artıq yaxın zamanlarda bərpa edilə bilər. Buna baxmayaraq, federal turizm agentliyində vətəndaşlara tezliklə turlar sifariş etməmək tövsiyə olunur. Həkimlər də o fikirdədirlər ki, 2020-ci ildə təhlükəsizlik səbəbindən xaricə səyahət etmək məsləhət deyil.
“Hazırda müvəqqəti məhdudlaşdırılmış səyahətlərin planlaşdırılması zamanı turizm şirkətləri hələ ki, “Rospotrebnadzor”un martın 19-da verdiyi tövsiyələri rəhbər tutur. Bunu dəqiq anlamaq lazımdır. Ancaq bu tövsiyələr ləğv edildikdən sonra bəzi yeni səyahətlərdən danışmaq mümkün olacaq. Bu, həmçinin səfirliklərin, beynəlxalq hava əlaqələrinin və sərhədlərin açılması ilə müşayiət olunmalıdır”, – deyə “Vipservis” holdinqinin baş direktoru, “Rosturizm”in rəhbərinin müşaviri Dmitri Qorin bildirib.
Qorinin sözlərinə görə, turistlər xarici ölkələrdə karantin tədbirlərinin hələ də davam etdiyini nəzərə almalıdırlar. Həmçinin bilməlidirlər ki, COVİD-19 xəstəsi olmadığı və ölkəyə gəldikdən sonra 14 günlük karantinə göndərildiyi barədə sertifikatlar olmadan, səyahət edənlərə bu ölkələrə girməyə icazə verilmir.
Bütün bu qaydalar ləğv olunandan sonar isə hər bir ölkənin müstəqil işləyib hazırladığı müəyyən reqlament fəaliyyət göstərəcək. Hazırda isə ölkələrdən biri turistdən yalnız koronavirus daşıyıcısı olmadığı barədə sertifikat tələb edir, bir başqası isə onun monitorinqinə ehtiyac duymur. Kimisi də sağlamlıq haqqında arayışın doldurulmasını tələb edir.
“Həmçinin nəzərə almaq lazımdır ki, pandemiya şəraitində heç də bütün ölkələr turist istirahət zamanı yoluxduğu təqdirdə, ona pulsuz tibbi yardım göstərməyə hazır deyillər. Bu, sığorta şirkətinin səlahiyyətinə daxildir, lakin koronavirusun müalicəsinin çox bahalı ola biləcəyi də diqqətdən qaçmamalıdır”, – deyən Qorin xaricə gedərkən bahalı sağlamlıq sığortasını məsləhət görür. Onun fikrincə, xaricdə COVİD-19 kimi xəstəliklərin müalicəsi əcnəbi vətəndaşa çox baha başa gələ bilər.
Həkim-terapevt Aleksandr Rumyantsev isə deyir ki, əgər turist artıq COVİD-19-u keçiribsə belə, bu, onun təhlükəsiz istirahət edəcəyinə zəmanət vermir.
“Əgər immun sisteminiz yaxşı işləyirsə, ən azı 10000 dəfə asimptomatik olaraq infeksiyaya yoluxa bilərsiz. Lakin bu o demək deyil ki, siz haradasa azı 50 nəfərin olduğu çimərliyə qaça bilərsiz. Yadda saxlayın ki, siz daşıyıcı olaraq da başqalarını yoluxdura bilərsiz. Əgər sizdə bu xəstəlik simptomsuz keçirsə, bu o demək deyil ki, yoluxdurduğunuz başqa adam da virusu sizin kimi asanlıqla yola verəcək”, – deyə həkim izah edib.
“Medisina – Rusiya Dəmiryol Xəstəxanası” klinikasının terapevti Sergey Çeremuşkin də insanlara ümumiyyətlə 2020-ci ildə kurortlarda istirahətdən çəkinməyi məsləhət görüb.
“Hər kəs çimərlikdə əylənmək və dostları ilə ziyafət gecələrində rəqs etmək istəyir. Lakin dünyanın epidemioloji vəziyyətini də unutmamalıyıq. Mənim fikrimcə, bu il ən ağıllı qərar evdə qalmaq və heç bir yerə, xüsusilə də xaricə uçmamaqdır. Yaxşısı budur ki, hamımız vəziyyətin tamamilə normallaşması üçün bir az da gözləməliyik”, – Çeremuşkin əlavə edib.