PAYLAŞ
Bakı haqqında məqalə

İsveçrənin www.travel-blog.ch səyahət portalında “Bakı – qədim köklərə malik şəhər” adlı məqalə dərc olunub.

Məqalədə Azərbaycan paytaxtı Bakı şəhəri tarixi-mədəni və turistik imkanları barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, şəhər tarix, incəsənət və memarlığa həvəs göstərən səyahətçilər üçün sonsuz zövq mənbəyidir. Müasir memarlıqdan tutmuş qədim tarixə malik küçələrə qədər müxtəlif məkanları ilə “Küləklər şəhəri” qonaqları cəlb edir. Muzey, göydələn və tarixi məkanları ilə diqqət çəkən bu şəhər qədim adət-ənənələrlə müasirliyin mükəmməl vəhdətini təşkil edir.

Məqalədə Bakı şəhərinin ən qədim dövrlərə gedib çıxan tarixindən də bəhs olunur. Qeyd edilir ki, bu ərazilərdə insan məskənlərinə Qobustanda rast gəlmək mümkündür. Tarixin müxtəlif dövrlərində bu şəhərin simasını dəyişən hadisələr və memarlıq üslubları haqqında da oxucuya ətraflı məlumat verilir. Qeyd edilir ki, Azərbaycan ən mühüm mədəniyyət mərkəzinə çevrilən Bakı Şərqdə bir çox yeniliklərin baş verdiyi məkan olub. Həm mədəniyyət, həm də sənaye sahəsində bir çox ilklər bu şəhərdə gerçəkləşib. 2000-ci ildə isə Bakının qədim mərkəzi sayılan İçərişəhər Şirvanşahlar sarayıQız qalası abidələri ilə birgə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bütün bu özəlliklər dünyanın müxtəlif yerlərindən turistləri Bakıya cəlb edir. Bakıda həm istirahət edərək gözəl vaxt keçirmək, həm də bu şəhərin çoxlu yeni və qeyri-adi cəhətlərini görüb öyrənmək mümkündür.