Ev Turizm Xəbərləri Kənan Quluzadə: “Koronavirusun turizmə təsirini rəqəmlərlə demək tezdir”

Kənan Quluzadə: “Koronavirusun turizmə təsirini rəqəmlərlə demək tezdir”

Kənan Quluzadə

Turizm şirkətlərinə göstəriş verilib ki, koronavirus yayılan ölkələrə gedənlər, bu ölkələrdən gələnlər təlimatlandırılsın“.

APA-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. 

O bildirib ki, koronavirusla bağlı dünya üzrə səyahətlərin azalması prosesi gedir: “İnsanlar artıq hər hansı ölkədən deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər. Bu vəziyyət Azərbaycana da təsir edəcək. Artıq Gürcüstanda da koronavirus aşkarlanıb. Daha əvvəl isə İran, İtaliya və digər ölkələrdə virus aşkarlanıb”.

Qurum rəsmisi bildirib ki, bəzi ölkələr artıq sərhədlərini də bağlayır: “Buna görə də virusun turizmə təsirini rəqəmlərlə demək tezdir. Ancaq böhranla bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz var idi. Onlar indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik”.

Kənan Quluzadənin sözlərinə görə, 2018-2023-cü illər üzrə konsepsiya ondan ibarət idi ki, bazarların coğrafiyası genişləndirilsin, hər hansı bazarda problem yarandıqda digərləri ilə işlənilsin: “Düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan görəcəyik”.