Tarix-Memarlıq Qoruğu

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial izolyasiya təbirlərinin tətbiqi qərarına əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan bir sıra mədəni turizm müəssisələrinin, o cümlədən Şəkidə yerləşən Kiş Tarix-Memarlıq Qoruğunun fəaliyyəti martın 14-dən müvəqqəti olaraq dayandırılıb.

Qoruğun direktoru İlhamə Hüseynova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Operativ Qərargahın qərarına ciddi riayət olunur. Həmin vaxtdan Kiş alban məbədi ziyarətçilər üçün tam qapalıdır. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə məbədin daxilində və həyətində sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilib. Qoruğun əməkdaşları arasında zəruri maarifləndirmə işləri aparılıb.

Hazırda Kiş Tarix-Memarlıq Qoruğunda profilaktik sosial izolyasiya tədbirləri davam etdirilir.

Xatırladaq ki, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin