Ev Turizm Xəbərləri Kiş Tarix-Memarlıq Qoruğunda profilaktik tədbirlərə ciddi riayət olunur

Kiş Tarix-Memarlıq Qoruğunda profilaktik tədbirlərə ciddi riayət olunur

Tarix-Memarlıq Qoruğu

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial izolyasiya təbirlərinin tətbiqi qərarına əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan bir sıra mədəni turizm müəssisələrinin, o cümlədən Şəkidə yerləşən Kiş Tarix-Memarlıq Qoruğunun fəaliyyəti martın 14-dən müvəqqəti olaraq dayandırılıb.

Qoruğun direktoru İlhamə Hüseynova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Operativ Qərargahın qərarına ciddi riayət olunur. Həmin vaxtdan Kiş alban məbədi ziyarətçilər üçün tam qapalıdır. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə məbədin daxilində və həyətində sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilib. Qoruğun əməkdaşları arasında zəruri maarifləndirmə işləri aparılıb.

Hazırda Kiş Tarix-Memarlıq Qoruğunda profilaktik sosial izolyasiya tədbirləri davam etdirilir.

Xatırladaq ki, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.