Ev Turizm Xəbərləri Körfəz ölkələri Misirdə daha çox vəsait xərcləyəcəklər

Körfəz ölkələri Misirdə daha çox vəsait xərcləyəcəklər

Misir

Körfəz Əməkdaşlıq Təşkilatı (GCC) ölkələri 2020-ci ildə Misirdə 2,36 milyard dollar vəsait xərcləyəcəklər. AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, Ərəb Səyahət Marketi şirkətinin məlumatına görə, ötən il bu ölkələrin vətəndaşlarının Misirə turist səfərlərində 11 faiz artım müşahidə olunub.

Küveytin Əl-Ənba qəzetinin məlumatına görə, artıq Səudiyyə Ərəbistanından Misirə uçuşların sayı 1 410-a çatıb. Səudiyyə Ərəbistanından olan turistlər 2019-cu ildə burada 633 milyon dollar xərcləyib və 2024-cü ildə bu rəqəmin 1,13 milyarda çatacağı gözlənilir.

Ötən il Misirin turizmdən gəliri 16,4 milyard dollara çatıb. Yaxın beş ildə bu rəqəmin 29,7 milyard dollara çatacağı ehtimal edilir. Misir turizmi üçün ən yaxşı bazar məhz GCC ölkələridir. Belə ki, ötən il Körfəz ölkələrindən 1,84 milyon turist gəlib və 2022-ci ildə onların sayı 9,1 milyon ola bilər.

Avropa ölkələri Misirin turizm bazarında birinci mövqeyə sahibdirlər. Belə ki, ötən il buraya 6,2 milyon avropalı turist gəlib və 2022-ci ildə bu rəqəmin 9,1 milyona qədər artması planlaşdırılır.