PAYLAŞ
Çin

Çinin mülki aviasiya sektorunun fevralda koronavirus epidemiyası ilə əlaqədar itkiləri 24,59 milyard yuan (3,53 milyard ABŞ dolları) təşkil edib.

AZƏRTAC Çin Mülki Aviasiya Administrasiyasına istinadla xəbər verir ki, bu, Çin mülki aviasiyasının ay ərzində ən böyük itkisi olub.

Administrasiyanın rəsmisi Can Çin bildirib ki, ötən ay ölkənin aviasiya sənayesində sərnişin daşınması əvvəlki ilin fevralı ilə müqayisədə 84,5 faiz, yük daşınması isə 73,9 faiz az olub.

Ötən ilin dekabrında Çinin Uxan şəhərində meydana çıxan və sürətlə yayılan yeni tip koronavirus (COVID-19) infeksiyası Çində həyatın digər sahələri kimi aviasiyaya da ciddi mənfi təsir göstərib. Dünyanın müxtəlif ölkələrinə məxsus 40-dan çox aviasiya şirkəti Çinə uçuşları dayandırıb və ya azaldıb. Bundan başqa, ölkədə bir neçə şəhərin karantinə alınıb. Habelə epidemiya ilə əlaqədar turizm obyektlərinin bağlanması, istehsalın dayanması səbəbindən daxili uçuşların sayı və yük daşınması xeyli dərəcədə azalıb.

Qeyd edək ki, hazırda dünyanın ikinci ən böyük mülki aviasiya bazarı olan Çində ötən il bu sektora rekord məbləğdə – 154, 27 milyard dollar dövriyyə qeydə alınıb. Artım əvvəlki illə müqayisədə 5,4 faiz təşkil edib. Hazırda ölkədə 238 hava limanı fəaliyyət göstərir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən, Çin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacaq.