Müasir dövrümüzdə dünyanın müxtəlif regionlarında baş verən siyasi və hərbi münaqişələr nəticəsində miqrasiya prosesləri rekord həddə çatıb. Aparılmış qlobal hesablamalara əsasən, ötən il dünyadakı beynəlxalq miqrantların sayı 272 milyona yaxınlaşıb ki, onların da üçdə ikisini əməkçi miqrantlar təşkil edib. Bu göstərici hər il artsa da, hazırda miqrantlar dünya əhalisinin yalnız 3,5%-ni təşkil edir. Dünya ölkələrinin bir neçəsi miqrant axınlarından öz mənafeləri istiqamətində istifadə etsələr də, çox zaman planlaşdırılmayan miqrant axını istənilən ölkənin iqtisadiyyatı üçün böyük risk yaradır. Bəs, görəsən, Azərbaycana qəfil və kəskin miqrant axınları baş verərsə, bu proses ölkəmizin iqtisadiyyatına hansı təsirləri göstərə bilər?
İqtisadçı-ekspert Samir Əliyev bu barədə “Report”a verdiyi açıqlamada bildirib ki, kütləvi miqrant gəlişi Azərbaycandan xaricə valyuta axınını sürətləndirə bilər: “Miqrantlar məsələsi ABŞ və Avropa ölkələrində də aktualdır. Miqrant axınının həm müsbət, həm mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, xüsusilə də ABŞ və Avropa ölkələrində nəsil qocalması prosesi gedir və dövlətin yeni, cavan işçi qüvvəsinə ehtiyacı yaranır. Mənfi tərəfi odur ki, miqrantlar yerli sakinləri bazardan sıxışdırıb çıxardır. Çünki miqrantlar yerli sakinlərlə müqayisədə daha az maaşa qane olurlar.
Azərbaycana gələn miqrantları iki hissəyə bölmək olar. Birinci hissəyə nisbətən elit təbəqəni təmsil edən və əsasən, İndoneziya, Malayziya, Avropa ölkələrindən gələn ingilisdilli miqrantlar aiddir. Lakin bu miqrantların ölkəyə gəlişi azdır. İkinci qrup isə Türkiyədən, Gürcüstandan, Orta Asiya ölkələrindən gələnlərdir ki, onlar birinci qrupa nisbətən çoxluq təşkil edirlər. Amma onların da sayı bir o qədər çox hesab oluna bilməz. Ümumiyyətlə, bizdə miqrant problemi başqa ölkələrdəki kimi deyil. Məsələn, Rusiyada bu problem daha aktualdır.
Azərbaycanda iqtisadiyyat digər ölkələrdəki qədər işçi qüvvəsinə ehtiyac duymur. Kiçik və orta sahibkarlığın inkişaf etməsinin nəticəsində bizdə boş iş yerləri azdır. Ölkəyə qəfil və kəskin miqrant axınının baş verməsi isə iş yerlərinin sayını daha da məhdudlaşdıra bilər. Təhlükəsizliklə bağlı problemlər yarana, kriminal hadisələrin sayı arta bilər.