Ev Turizm Xəbərləri “Vikipediya”nın yunan dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılacaq

“Vikipediya”nın yunan dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılacaq

Yunan dili

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Salatın Məmmədli Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edib. Yaxın günlərdə “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq. Yunan dilini bilən soydaşlarımızdan ibarət komandanın formalaşdırılacağı gözlənilir.

Bu barədə AZƏRTAC-a MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Salatın Məmmədlinin təlimlərə həvəsi böyükdür. Təlimlərin əsas məqsədi “Vikipediya”nın yunan dili bölməsində Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, ədəbiyyatı, turizmi və s. mövzularda məqalələrin yaradılmasını və redaktəsini gerçəkləşdirməkdir. Həm də bu istiqamətdə boşluqların aradan qaldırılmasını sürətləndirməkdir. Bizə göstərdiyi dəstəyə görə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədova təşəkkürümü bildirirəm”, – deyə Elnur Eltürk qeyd edib.