Ev Turizm Xəbərləri Məqsədyönlü tədbirlər turizmin inkişafını sürətləndirir

Məqsədyönlü tədbirlər turizmin inkişafını sürətləndirir

turizm

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir. İqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsində ölkəmizin qeyri-neft sənayesi də dinamik inkişaf edir, qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri yaradılır. Hazırda bu istiqamətdə aparılan işlər ölkənin bütün regionlarında uğurla davam etdirilir. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edib. Ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb.


“BUGÜNKÜ REALLIQLAR, BÖLGƏLƏRİMİZİN ÇİÇƏKLƏNMƏSİ, BÜTÜN ŞƏHƏRLƏRİMİZDƏ GEDƏN QURUCULUQ, ABADLIQ İŞLƏRİ GÖSTƏRİR Kİ, BİZ DÜZGÜN YOLDAYIQ”


Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində, ölkənin hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Cənab İlham Əliyevin vurğuladığı kimi, əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir. Dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır. Biz buna nail ola bilmişik: “Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq-abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.


Bütün bunlar ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması əsas məsələlərdəndir. Sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində mümkün olub.


Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər turizm sahəsinin inkişafında da mühüm nəticələrin əldə olunmasına gətirib .

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan turizmin inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Ölkəmizin qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən dövlət proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olmuşdur. Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin davamlı olaraq həyata keçirilir.


Bütün bunlarla yanaşı, Azərbaycanın bənzərsiz gözəlliklərə malik məkanları, onu turizm ölkəsi olaraq dünyada tanıdıb. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qurulmuş turizm obyektlərində istirahət edirlər. Buranın təbiətinə valeh olurlar. Bu turizm-istirahət mərkəzləri dağ, çay və meşə zolaqları ilə əhatə olunur. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstündə konki meydançası, alpinizm məşğələləri və s. hər bir turisti maraqlandırır. Ölkəmizə səfər edən turistlər buranın adət-ənənələri, milli mətbəxi, mədəniyyət və tarixi, təbiəti ilə bağlı məlumat əldə edir, istirahətləri yüksək səviyyədə təşkil olunur. Son illərin statistikası göstərir ki, öz məzuniyyətini Azərbaycanda keçirmək istəyində olan turistlərin sayında ilbəil artım müşahidə olunur. Onlar ölkəmiz haqqında eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkanda gəlməyə can atırlar.


Görülən işlər Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə keçirilən beynəlxalq tədbirlədir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində uğurlar sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. “Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır…”


Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişlər, bu gün ölkəmizi dünyada turizm ölkəsi kimi də tanıda bilib. Son illərin turizm statistikası sənayenin bu növünün ölkəmizdəki inkişaf səviyyəsinə və dinamikasına əyani sübutdur. Təsadüfi deyil ki, turizm sahəsindəki inkişaf tempinin əsas göstəriciləri kimi qəbul edilən gəlmə turistlərin sayı, onların Azərbaycanda turizm məqsədilə çəkdikləri xərclər, yerləşdirmə vasitələrinin, turizm müəssisələrinin, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı və bir sıra digər göstəricilərdə artım müşahidə edilmişdir. Təkcə bu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1,4 milyona çatıb. Bu da, ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1,3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6,5 faiz çox qonaq deməkdir.
Qeyd edək ki, əgər 2014-cü ilə qədər Azərbaycana gələn turistlər, əsasən, MDB ölkələrindən, Türkiyə və Avropadan idisə, bu gün onun coğrafiyası genişlənib. Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İraq, Küveyt və digər ölkələrin vətəndaşlarıdır.


Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün və əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr və terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik və əmin-amanlıq turizmin də inkişafında önəmli faktorlardan biridir.


Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.


Azərbaycanda, ötən 16 il ərzində, turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar, xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində, ölkəyə gələn xarici turistlərin sayında hər il artım qeydə alınır. Görülən tədbirlər şaxəli və fərqlidir. Bu gün Azərbaycanda turizm bazarı açıq və rəqabətə davamlıdır. Bu sahənin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur.