Ev Turizm Xəbərləri Turizm şirkətləri daha çox turist cəlb etmək üçün çevik tərpənməlidir

Turizm şirkətləri daha çox turist cəlb etmək üçün çevik tərpənməlidir

Turizm

Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunda çaxnaşmaya səbəb olub. Hər bir ölkənin özünün iqtisadi maraqları olduğunu nəzərə alsaq, qonşu dövlətlərin bu məqamı maksimum dəyərləndirməyə çalışması çox normaldır.

Bəs rusiyalı turistlərin diqqətini necə cəlb etmək olar? Onların istirahət üçün nəzərdə tutduqları məqamları diqqətdə saxlamaq üçün hansı tədbirlər görülməlidir?

Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda turistlərə təklif edilən tur-paketlərin qiymətlərini Gürcüstanın təklif etdiyi paketlərə uyğunlaşdıra bilsək, həmin turistləri Azərbaycana cəlb etmək mümkündür.

Onun sözlərinə görə, Azərbaycan turizm sektorunda qonşu ölkələrlə müqayisdə, keyfiyyət, eləcə də, tur-paketlərinin qiymətləri baxımından nisbətən bahadır:

“Turistlər artıq aylar əvvəldən biletlərini, istirahət edəcəkləri ölkəni seçiblər. Təəssüf ki, iki ölkə arasında müəyyən anlaşılmazlıq olub. Təbii ki, biz qonşu ölkəyik, buna sevinmirik. Lakin hər bir ölkənin özünün iqtisadi maraqları var və bunun üçün yaradılan şəraitdən maksimum istifadə etməyi bacarmalıdır.

Tur-paketlərin qiymətləri nisbətən rəqabətə uyğunlaşdırılsa, biz o turistləri ölkəmizə cəlb edə bilərik. Gürcüstanla Azərbaycan, demək olar ki, turizm sektoruna oxşar təkliflərlə girir. Oxşar məhsullar təklif edilən mətbəxlərimiz, şərabçılıq, bununla yanaşı, qış turizmində Qəbələ, Şahdağ kimi istirahət zonaları təklif edirik.Oxu: Bakı rusiyalı turistlər üçün Batumini əvəz edə bilər? – Böhranı xeyrimizə dəyişə bilərik

Azərbaycanda turizm şirkətləri çevik tərpənsə, maraqlı kampaniyalarla rusiyalı turistləri cəlb etmək olar. İlk növbədə dövlət qurumları turizm şirkətlərinə şərait yaratmalıdırlar. Daha sonra isə turizm şirkətləri Azərbaycanda mövcud olan şəraitdən maksimum istifadə etməlidir”.

S.Dübəndi iki ölkə arasında narazılıqların yaşanmaması üçün bir sıra danışıqların aparılmasının mümkün ola biləcəyini diqqətə çatdırıb:

“Ola bilər ki, bu məqamdan istifadə etməyimiz Gürcüstanın xoşuna gəlməz. Mümkündür ki, siyasi, istisadi narazılıq yarana bilər, lakin bunu aidiyyəti orqanlar danışıqlarla tənzimləyə bilər. Bundan başqa, sizə deyim ki, rusiyalı turistlərin Azərbaycana cəlb olunması üçün sərfəli tur-paketlər və yol məsələsi həll olunmalıdır.

Əslində, Rusiya bazarında bir müddətdir ki, turizm şirkətləri tərəfindən sərfəli tur-paketlər təqdim edilir və təbliğat aparılır. Dövlət Turizm Agentliyinin bir neçə dövlətdə nümayəndəliyi açılıb ki, onlardan biri də Rusiyadır.

Azərbaycanın altı beynəlxalq aeroportu (Zaqatala, Gəncə, Qəbələ, Lənkəran və s.) var ki, onların resurslarından sərfəli istifadə etmirik. Gürcüstana yaxın olan hissəni götürsək, Zaqatala-Baləkən və Gəncə zonasında olan aeroportlar az uçuş qəbul edir. Halbuki biz bu aeroportları tranzit kimi Gürcüstana təklif edə bilərik. Bu, özü də olduqca əlverişlidir.

Düşünürəm, bu cür təklif edə bilərik, lakin yenə də deyirəm ki, bu ətraflı danışılmalı, məsləhət edilməlidir. Mümkün qədər zamanı yaxşı dəyərləndirmək lazımdır. Tükiyədən fərqli olaraq, bizdə yay mövsümü oktyabr ayına qədər deyil, avqust ayının sonlarına kimi davam edir”.