Ev Turizm Xəbərləri Malayziya Azərbaycan ilə turizm sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Malayziya Azərbaycan ilə turizm sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Azərbaycan və Malayziya

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bu ölkənin turizm, incəsənət və mədəniyyət naziri Mohammadin Bin Haji Ketapi ilə görüşüb.

Görüş zamanı səfir iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanlarından söhbət açaraq Azərbaycanda turizm sənayesinin prioritet sahələrdən olduğunu, son illərdə ölkəmizin regionda əsas turizm məkanlarından birinə çevrildiyini diqqətə çatdırıb.

Nazir Mohammadin Bin Haji Ketapi də ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir Malayziya və Azərbaycan arasında bu sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu, iki ölkənin mövcud turizm potensialının qarşılıqlı təşviqinin vacibliyini bildirib.

Səfir Q.Allahverdiyev Azərbaycanda turizm sektorunun geniş və çoxşaxəli olduğunu qeyd edərək, ölkəmizdə ənənəvi turizmlə yanaşı müalicə-sağlamlıq və dini turizm sahələrinin də inkişaf etdiyini vurğulayıb. Səfir son illərdə Azərbaycana səfər etmək istəyən əcnəbilər üçün viza prosedurunun sadələşdirilməsi istiqamətində mütərəqqi addımlar atıldığını, Malayziya da daxil olmaqla bir sıra xarici ölkə vətəndaşları üçün “ASAN Viza” sistemi vasitəsilə həm elektron, həm də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirildiyini vurğulayıb.

Q.Allahverdiyev, həmçinin birgə turist paketlərinin hazırlanması və çarter reyslərin açılması ilə bağlı təkliflərini səsləndirib. Diplomat cari ilin sonunda Malayziyada fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrindən ibarət geniş bir heyətin Azərbaycana səfərinin nəzərdə tutulduğunu bildirib. Qeyd olunan heyətin tərkibinə Malayziya KİV nümayəndələrinin də cəlb olunmasının və həmin səfərin yerli KİV-də geniş işıqlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb. O cümlədən səfir qarşılıqlı turizm imkanlarının təşviqi istiqamətində Malayziyanın İstanbuldakı turizm nümayəndəliyi tərəfindən səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığ müqaviləsi imzalanıb. Hüquq bazasına da toxunan səfir bununla bağlı Malayziya tərəfinə təqdim olunmuş iki saziş layihəsinin hazırkı vəziyyəti ilə maraqlanıb.

Nazir qeyd olunan saziş layihələrinin baxılmaqda olduğunu, layihələrin mətninin razılaşdırılması və imzalanması istiqamətində müvafiq işlərin sürətləndiriləcəyini diqqətə çatdırıb. Əlavə olaraq, cari il avqustun 26-dan 28-dək Kuala Lumpurda Dünya Turizm Konfransının keçiriləcəyi qeyd edib. Nazir, səfir Q.Allahverdiyevi həmin tədbirə dəvət edib.

Malayziyanın MDB ölkələri üzrə turizm səfiri, bu ölkədə yaşayan azərbaycanlı Nərgiz Səfərova da görüşdə iştirak edib.

Görüşdə Azərbaycanla Malayziya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair bir sıra digər məsələlər də müzakirə edilib.